Pakistan ölkəyə tədarük edilən Rusiya xam neftinin ilk partiyasını yuanla ödəyib. Bunu “Reuters” agentliyinə müsahibəsində Pakistanın neft naziri Musadi Malik deyib.
Kommersant.az xəbər verir ki, onun sözlərinə görə, bu partiyanın həcmi 100 min ton təşkil edib ki, bunun da 45 mini artıq Karaçi limanındadır. Eyni zamanda Malik İslamabadın hansı qiymət və endirimlə yanacağın aldığını açıqlamayıb.
Nazir əlavə edib ki, neft emalı ilə Pakistanın Refinery Limited şirkəti məşğul olacaq.
İyunun 11-də Pakistanın baş naziri Şehbaz Şərif Rusiyadan ölkəyə ilk neft partiyasının çatdırıldığını elan edib. Şərif hadisəni əlamətdar adlandırıb və əlavə edib ki, bu, Pakistan və Rusiya arasında yeni münasibətlərin başlanğıcıdır.