USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Azərbaycanla hədə dilində danışmaq yox, reinteqrasiya barədə düşünmək lazımdı” - Ceyhun Məmmədov

18.07.2023 Siyasət
0 0
“Bu cür bəyanatları biz ilk dəfədir ki, eşitmirik”.

Kommersant.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov Araik Arutyunyanın son bəyanatını şərh edərkən deyib.

Deputat bildirib ki, artıq dəfələrlə erməni tərəfi bu cür bəyanat verir və belə bir bəyanatın verilməsində həm də daxili auditoriyanın sakitləşdirilməsi nəzərdə tutulur:

“Çünki daxildə ciddi gərginlik var, separatçılar yenidən baş qaldırıblar və ona görə də buna cavab məqsədilə düşünürəm ki, bu cür və bu yöndə açıqlamalar verir”.

Ceyhun Məmmədov bildirib ki, məqsədli şəkildə açıqlamaların verildiyinin şahidi oluruq:

“Amma onlar unutmasınlar ki, dəmir yumruq hər zaman hazırdır. Onlar 2020-ci ildəki bizim onlara xəbərdarlığımızı, onlara verdiyimiz cavabı əgər unudarlarsa, bunun çox ağır nəticəsini yenidən yaşayacaqlar. Biz onlara tövsiyə edirik ki, eyni səhvi də eyni yanlışı etməsinlər. Əgər edərlərsə, buna Azərbaycanın münasibəti, Azərbaycanın cavabı çox sərt olacaq”.

Deputat deyir ki, onlar yanlış olaraq Azərbaycanda yenə bu tonda, bu dildə danışmağa çalışırlar:

“Əgər davam edərlərsə, bunun cavabını alacaqlar. Onlar özləri də gözəl bilir ki, Azərbaycan hansı gücə, hansı imkana malikdir. Ona görə Azərbaycanla hədə dilində danışmaq yox, reinteqrasiya, azərbaycanlılarla bir yerdə yaşamaq barədə düşünmək lazımdır. Əks halda Azərbaycanın tam haqqı var ki, antiterror əməliyyatı keçirsin”.

Qeyd edək ki, Araik Arutyunyan beynəlxalq ictimaiyyət qarşısında vaxt qoyub. O, deyib ki, "bir həftə ərzində stabil və normal vəziyyətin yaradılması üçün beynəlxalq müdaxilə edilməsə, biz həm "Artsaxda”, həm də ondan kənarda daha sərt tədbirlərə əl atacağıq”.