USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Əti haradan alaq - qəssablardan, yoxsa marketdən?

22.07.2021 Sosial
0 0
Azərbaycanda insanlar normal ət almaq üçün küçə və yol kənarlarında kəsilmiş ət almaqda davam edir və bu əti daha etibarlı sayırlar.

Ekspertlər hesab edirlər ki, Azərbaycanda açıq və pərakəndə ət satışının geniş olması insanların baytarlara inanmamasından irəli gəlir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov açıqlamasında bildirdi ki, Azərbaycanda açıq ət satışına qadağa qoyulması mümkün deyil. Ona görə mümkün deyil ki, istehlakçıların baytarlara inamı yoxdur. İstehlakçılar niyə marketlərdən ət almırlar? Paytaxtın mərkəzində niyə mal kəsilir? Çünki istehlakçılar küçələrdə kəsilən mala tələbat yaradırlar. Ona görə istehlak yaradırlar ki, baytarlara inanmırlar.

Birlik sədri baytarlara olan inamsızlığın səbəbini də açıqladı: "Səbəb odur ki, səhər saat 7-də bazara gedirlər və görürlər ki, bütün cəmdəklərin üzərində baytarın möhürü var. Guya baytarlar səhərə qədər yatmayıb, müayinə aparıblar. Qarayaranın, brusselyozun ekspertizası bir saat çəkir. Nə qədər ki, baytarlar istehlakçıların inamını qazanmayıblar, nə etsək də bu məsələ həll olunmayacaq. Lakin müsbət dəyişikliklər gedir. Vaxtilə Sumqayıt yolu qəssabxana idi. Bir dəfə fransız qonağım vardı, onunla Sumqayıta gedərkən, yol kənarındakı qəssabxanaları görməməsi üçün içirtdim ki, yatsın və acınacaqlı mənzərəni görməsin. Qayıdanda isə ayılıb vəziyyəti gördü. Postsovet ölkələrinin əksəriyyətində vəziyyət bizimki kimi acınacaqlıdır".

E.Hüseynovun fikrincə, qablaşdırılmış ətin üstünlüyü bundadır ki, kənardan ona mikrobların yapışmasının qarşısı alınır, eyni zamanda ət müəyyən temperaturda saxlanılır: "Ətin lazımi qidalılılığını qorumaq üçün lazımi temperaturda saxlamaq vacibdir. Həm də milçək ətə qonur və əslində ətsatan insanlara milçək yumurtası satır. Hətta milçək yumurtası satılması bəzi marketlərdə də var. Əslində küçədə ət satışı yolverilməzdir.

Dövlət Baytarlıq Xidmətindən bildirilib ki, baytarlar analiz etməsəydilər, əhali müxtəlif xəstəliklərə tutulardı. Hələ eşitməmişik ki, kimsə qarayaraya yoluxub.

Azərbaycanda ət ciddi yoxlanılır. İlk növbədə heyvanlar saxlama məntəqəsinə sağlamlıq haqqında arayışla çıxır. Kəsimdən qabaq termometriya olunur, kliniki baxış keçirilir. Kəsiləndən sonra isə limfa düyünləri götürülüb laboratoriyada analiz olunur. Bundan sonra satışına icazə verilir.

Qeyd olunub ki, qəssabxanalarda insanların gözü qarşısında kəsilən ət heç vaxt etibarlı ola bilməz. Çünki həmin ətdən nümunə götürülməyib, heyvanın haradan gəlməsi məlum deyil. Mənşəyi məlum olmayan heyvandır. Biz qadağa edirik, cərimələr edirik, qeyri-qanuni kəsim məntəqələri və ət satışı ilə bağlı, baytarlıq-sanitar ekspertizaların keçirilməsi ilə əlaqədar cərimələr edirik, ciddi mübarizə aparırıq. Baytarlıq-sanitar ekspertiza laboratoriyasının müayinəsindən keçməyən ətlərin satışı şübhə altındadır, yolverilməzdir.