Antalyada Azərbaycan şəhidləri abidəsi açılıb

01.08.2018 Sosial
Antalyada, Kəpəz bələdiyyəsində Milli Məclisin deputatı Qənirə Paşayevanın təklifi əsasında Azərbaycan şəhidləri abidəsinin açılışı olub.

"Kommersant.az" AZƏRTAC-a istinadla xəbər verir ki, Kəpəz bələdiyyəsinin sədri Hakan Tütüncü tədbirdə çıxış edərək abidənin açılmasının bugünkü və gələcək nəsillər üçün önəmi barədə danışıb.
Qənirə Paşayeva çıxışında bu addımın bütün türk dünyası bölgələri üçün gözəl bir örnək olduğunu deyib. O, Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, Kəpəzin də Azərbaycanın bölgələrindən biri ilə qardaşlaşmasının arzuedilən olduğunu deyib.
Hakan Tütüncü Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm verdiklərini, qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını bildirib.
Milli Məclisin deputatı qardaş Türkiyədə terrorla mübarizədə şəhid olmuş insanlara Allahdan rəhmət, yaxınlarına səbir diləyib, terroru və onun arxasında duranları lənətləyib. Azərbaycanın erməni terrorundan çox əziyyət çəkdiyini vurğulayan deputat terrorla mübarizədə ölkəmizin hər zaman qardaş Türkiyənin yanında olduğunu deyib.
Açılış mərasimində yüzlərlə yerli sakin iştirak edib.