“Sumqayıt” futbol klubunun baş məşqçisi vəzifəsi Nazim Süleymanova tapşırılıb

09.06.2018 İdman
“ “Sumqayıt” futbol klubunun yarımmüdafiəçisi Elnur Abdullayevin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. Əvəzində qapıçı Mehdi Cənnətovla müqavilənin müddətini uzatmaqla bağlı ortaq məxrəcə gəlinib. Komandanın baş məşqçisi vəzifəsi isə Nazim Süleymanova tapşırılıb.

Klubun mətbuat xidmətindən "Kommersant"a bildirilib ki, “Qarabağ”dan ayrılan Əfran İsmayılov və “Qəbələ”ni tərk edən Elvin Məmmədovla da ilkin razılıq əldə edilib. Qəbələ təmsilçisinin müdafiəçisi Yusif Nəbiyevin də yenidən icarə əsasında “Sumqayıt”ın formasını geyinəcəyi gözlənilir.

“Sumqayıt” yay fasiləsində Rail Məlikov, Vurğun Hüseynov, Bəxtiyar Həsənalızadə və Cavid Tağıyevin müqaviləsinin müddətini uzadıb. Amil Yunanov, Kamal Mirzəyev, Azər Salahlı, Vüqar Bəybalayev, Rəşad Eyubov və Tural Axundov isə klubu tərk ediblər. Bəhlul Mustafazadə müqavilə ilə məxsus olduğu “Qəbələ”yə döndüyü halda, Fərhad Vəliyev karyerasını başa vurub.

Bu günlərdə klubun prezidenti Riad Rəfiyevin iştirakı ilə Müşahidə Şurasının növbəti iclasında komandanın baş məşqçisi vəzifəsi Nazim Süleymanova tapşırılıb. O, Şura üzvlərin yekdil səsi ilə qarşıdakı iki mövsümdə “Sumqayıt”ın baş məşqçisi vəzifəsini yerinə yetirəcək.