ABŞ Çinlə ticarət müharibəsini təxirə salıb

21.05.2018 Maliyyə
ABŞ və Çin rəsmi olaraq ticarət müharibəsini təxirə salıb.

"Kommersant.az" xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə naziri Stiven Mnuçin “Fox” televiziyasına açıqlamasında deyib. Onun sözlərinə görə, ABŞ və Çin arasında gömrük vergisi ilə bağlı yaşanan gərginliyi bir müqavilə ilə başa çatdırmaq üçün “gözlədiblər”. Mnuçin: “Ticarət müharibəsini təxirə salırıq. İndi fərqli bir çərçivədə razılıq əldə edənə kimi gömrük vergisini təxirə salmaq məsələsində razılaşdıq”, - deyib.

ABŞ və Çin arasındakı ticarət həcminin genişlənəcəyinə diqqət çəkən Mnuçin “Qarşıdakı 3-5 il ərzində enerji alışının 50-60 milyard dollar arasında bir səviyyəyə çatacağını görə bilərsiniz. Strateji olaraq bu vəziyyət həm bizim, həm də onlar üçün əhəmiyyətli olacaq”, - deyə, qeyd edib.

Stiven Mnuçin Çin ilə müzakirələri davam edən müqavilə ilə əlaqədar əlavə məlumat verməyib.

ABŞ prezidenti Donald Tramp aprel ayının sonunda etdiyi açıqlamada Maliyyə naziri Mnuçinin ticarət anlaşılmazlıqlarını müzakirə etmək üçün bir neçə günə Çinə gedəcəyini bildirmişdi. Mnuçin may ayının əvvəlində Çinə səfəri zamanı Çinin baş nazirinin müavini Liu Hı ilə ikitərəfli iqtisadi və ticarət sahəsində anlaşmazlıq yaradan məsələləri həll etmək üçün iclas keçirib. Görüşlərdə fikir mübadiləsi aparılmış, qismən razılıq əldə edilmişdi.