Yeni assosiasiya yaradılır

06.07.2018 Aqrar
Azərbaycanda Toxumçular Assosiasiyasının yaradılması nəzərdə tutulur.

"Kommersant" Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, artıq özəl toxumçuluğun mövcud problemlərini aradan qaldırmaq istiqamətində fəaliyyətə başlanılıb.

Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin icra etdiyi “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi” çərçivəsində toxum sektorunun, o cümlədən, özəl toxumçuluğun inkişafı üçün bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bu tədbirlər çərçivəsində özəl toxumçuların bilik və bacarıqlarının artırılması, yeni innovativ metodlarla tanış olması, ilkin toxum təmizləmə avadanlıqlarının alınmasında maliyyə dəstəyi göstərilməsi planlaşdırılır.

Artıq regionlarda özəl toxumçuların texnika və avadanlıqlara olan ehtiyaclarının müəyyənləşdirilməsinə, özəl toxumçuluğun inkişaf etdirilməsində mövcud problemlərin müzakirəsinə başlanıb. Bu məqsədlə Dövlət Xidmətinin və Layihənin, eləcə də Dövlət Toxum Fondunun, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin əməkdaşları Bərdə, Qəbələ və Quba rayonlarında fermerlər və toxumçularla görüşlər keçiriblər.