USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Ziraat Bank Azərbaycan"ın aktivləri, öhdəlikləri və depozit portfeli əriyib - HESABAT

10.07.2019 Bank
0 0
"Ziraat Bank Azərbaycan" bu ilin 2-ci rübünə olan vəziyyətini açıqlayıb. Hesabata görə 2018-ci ilin 2-ci rübü ilə müqayisədə bankın vəziyəti yaxşı deyil.

"Kommersant.az" bankın açıqladığı hesabata əsasən xəbər verir ki, "Ziraat Bank Azərbaycan"ın 2019-cu ilin 2-ci rübündə cəmi aktivləri 194 mln. 159 min manat olub ki, bu da 2018-ci ilin analoji dövrü ilə müqayisədə 35 mln. 708 min manat azdır. Bundan başqa sözügedən bankın cəmi öhdəlikləri də azalıb. Belə ki, 2018-ci ilin 2-ci rübündə 162 mln. 804 min manat cəmi öhdəliyə sahib olan bank 2019-cu ilin 2-ci rübündə bu rəqəmi 38 mln. 77 min manat azaldaraq 124 mln. 727 min manatadək endirib. Bankın cəmi kapitalı 69 mln. 432 min manat olub ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 mln. 370 min manat çoxdur.

KREDİT PORTFELİ ARTIB, DEPOZİT PORTFELİ İSƏ ƏRİYİB

"Ziraat Bank Azərbaycan"ın müştərilərə verdiyi kreditləri 2018-ci ilin 2-ci rübü ilə müqayisədə 31 mln. 554 min manat artaraq 121 mln. 116 min manata çatıb. Buna baxmayaraq bankın cəmi aktivləri 35 mln. 708 min manat azalıb. Bankın depozit portfelində də azalma müşahidə olunub. Belə ki, bankın depozit portfeli 28 mln. 620 min manat azalaraq 2019- cu ilin 2-ci rübündə 65 mln. 657 min manata düşüb.

ƏMƏLİYYAT MƏNFƏƏTİ ARTIB

Bankın xalis faiz gəliri 4 mln.677 min manat (2018-ci ilin 2-ci rübü ilə müqayisədə 811 min manat çox), qeyri-faiz gəliri 1 mln. 684 min manat (2018-ci ilin 2-ci rübü ilə müqayisədə 887 min manat az), qeyri-faiz xərcləri isə 3 mln. 396 min manat (2018-ci ilin 2-ci rübü ilə müqayisədə 555 min manat çox) olub. Bu isə bankın 2019-ci ilin 2-ci rübündə 2 mln. 396 min manat əməliyyat mənfəətinə gətirib çıxarıb. Bankın əməliyyat mənfəəti 2018 -ci ilin 2-ci rübü ilə müqayisədə 939 min manat artıb.

"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1 mln. 803 min manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 666 min manat çoxdur.

MƏCMU KAPİTALI ARTIB

Bankın məcmu kapitalı cari ilin 2-ci rübündə 66 mln. 492 min manat təşkil edib. Bu da 2018-ci ilin analoji dövrü ilə müqayisədə 2 mln. 606 min manat çoxdur. I dərəcəli kapitalın adekvatlıq əmsalı 26,7%, məcmu kapitalın adekvatlıq əmsalı isə 28,5% təşkil edib.