USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nağdsız ödəniş göstəriciləri açıqlandı - 191 MİLYARD MANATLIQ ƏMƏLİYYAT

25.10.2019 Bank
0 0
2019-cu ilin 9 aylıq dövrünün nağdsız ödəniş göstəriciləri açıqlanıb.

"Kommersant.az" Mərkəzi Banka istinadən xəbər verir ki, bu dövr ərzində ölkədə Milli Ödəniş İnfrastrukturu vasitəsilə aparılan ödəniş əməliyyatlarının həcmi 191 mlrd. manat, sayı 40 mln. ədəd təşkil etmişdir. Əməliyyatların sayı üzrə göstərici 2018-ci ilin analoji dövrü ilə müqayisədə 44% artmışdır.

Mərkəzi Bankın operatoru olduğu Hökumət Ödəniş Portalının (HÖP) əhatə dairəsi genişləndirilmiş, 1437 bələdiyyə üzrə ödənişlərin qəbul edilməsi imkanı yaradılmışdır. Bununla da, bələdiyyələr daxil olmaqla, əksər dövlət orqanları, kommunal xidmət müəssisələri, mobil rabitə operatorları, ali təhsil müəssisələri və s. qurumların 550-dən çox xidməti üzrə ödənişlərin portalın onlayn resurslarından, bankların elektron bankçılıq xidmətlərindən istifadə etməklə nağdsız qaydada aparmaq mümkündür. HÖP üzərindən bu dövrdə həyata keçirilən əməliyyatların həcmi 2 mlrd. 286 mln. manat təşkil etmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 36% artım deməkdir. Aparılan nağdsız əməliyyatların həcmi isə 3,4 dəfə artaraq 956 mln. manat olmuşdur.

30.09.2019-cu il tarixinə ölkə üzrə ödəniş kartlarının sayı keçən ilin müvafiq dövrünə nisbətən 16% artaraq 1.2 mln. ədədi təmassız olmaqla 7.5 mln. ədəd təşkil etmişdir. Təmassız kartların sayı 2,4 dəfə artmışdır.

Ölkə üzrə bankomatların sayı 2654 ədəd olmuşdur ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 114 ədəd çoxdur. Bankomatların 1407-si Bakı şəhərində, 1247-si isə digər şəhər və rayonlarda yerləşir.

Banklar tərəfindən quraşdırılmış POS-terminalların sayı 65153 ədəd olmuşdur ki, bunun da 27530 ədədi təmassız POS-terminallardır. 2018-ci ilin ilk 9 ayı ilə müqayisədə təmassız POS-terminalların sayı 31% (6466 ədəd) artmışdır.

Ölkə daxilində ödəniş kartları ilə aparılmış əməliyyatların həcmi 28% artaraq 15 mlrd. 535 mln. manat təşkil etmişdir. Ödəniş kartları ilə ölkə daxilində aparılmış əməliyyatlarda nağdsız hesablaşmaların çəkisi isə 59 faiz artaraq 3.3 mlrd. manat (21%) olmuşdur.

“Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli 508 nömrəli Sərəncamı ilə təsdiq edilən “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində Mərkəzi Bank dövlət qurumları ilə birgə rəqəmsal ödənişlərin genişləndirilməsi üçün infrastruktur imkanları, yeni ödəniş texnologiyalarının tətbiqinin artırılması, əhalinin maliyyə savadlılığının yüksəldilməsi, habelə nağdsız ödəniş vərdişlərinin formalaşdırılması istiqamətində müxtəlif tədbirlər həyata keçirir. Aparılan statistik təhlillər bir daha göstərir ki, ölkədə rəqəmsal ödəniş infrastrukturunun inkişafı, ictimaiyyətdə nağdsız ödəniş vərdişlərinin formalaşdırılması istiqamətində görülən işlər öz müsbət nəticələrini verməkdədir”,- Mərkəzi Bankın məlumatında bildirilir.