"Zəif banklar iri banklarla birləşsin" - TƏKLİF

07.05.2020 Bank
“Atabank” ASC-nin və “Amrah Bank” ASC-nin lisenziyaları Mərkəzi Bankın İdarə Heyəti tərəfindən 28 aprel 2020-ci il tarixindən etibarən ləğv edilib. 2 bank - "NBC Bank" və "AGBank"a müvəqqəti inzibatçı təyin olunub.

Lisenziyası ləğv etdilən "Amrahbank" və "Atabank"da biznesin (sahibkarların) 18 milyon manat pulu qalıb.

Biznesin bankda qalan pulu ilə bağlı açıqlama verən Milli Məclisin deputatı Vahid Əhmədov bildirdi ki, bank sistemində çox ciddi problemlər var: "Mövcud problemlər burada islahatlara ehtiyac olduğunu göstərir. Bu gün koronavirus dövründə və neftin qiymətinin aşağı düşdüyü vaxtda bankların bağlanması yaxşı nəsə vəd etmir. Hər hansı bir bankı bağlayarkən, bu bankın bağlanmasının Azərbaycan iqtisadiyyatına, dövlətinə və ictimaiyyətinə nə verəcəyini müəyyən etmək lazımdır. Bankların bağlanması, problemlər yaradıb. Bank sistemi elə qurulmalıdır ki, burada biznesin vəsaiti üçün də problem yaranmasın".

Millət vəkilinin sözlərinə görə, bankların konsolidasiyasına nail olmaq lazımdır: “Çalışmaq lazımdır ki, müəyyən qədər zəif banklar iri banklarla birləşsin. Bu zaman həmin bankların yaxşı kapitalları, likvidlikləri olmalı və faiz dərəcələri aşağı olmalıdır ki, norma fəaliyyət göstərsinlər. Bankların bağlanması, çıxış yolu deyil. Həmçinin bankların maliyyə vəziyyətinə baxmaq və onların niyə daha çox istehlak kreditlərinə üstünlük verdiklərini araşdırmaq lazımdır. Bank sistemində problemlər çoxdur. Mərkəzi Bank elə etməlidir ki, bankların bağlanılmasına yox, onların konsolidasiyandan söhbət getsin. Bankları bağlamaqla heç nəyə nail olmaq mümkün deyil".