USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kimlər dövlət hesabına avtomobillə təmin edilə bilər?

24.11.2022 İqtisadiyyat
0 0
Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər, 1990-cı il 20 yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslər, hərbi xidmət vəzifəsini yerinə yetirərkən əlil olmuş şəxslər, II Dünya müharibəsi ilə əlaqədar əlilliyi müəyyən edilən və onlara bərabər tutulanlar, həmçinin Çernobıl əlilləri dövlət hesabına minik avtomobilləri ilə təmin olunmaq, minik avtomobili ilə təmin edilənədək isə Sosial Xidmətlər Agentliyi tərəfindən ildə iki dəfə nəqliyyat xərci kimi əmək pensiyasının minimum məbləğinin 20 faizi məbləğində pul kompensasiyası almaq hüququna malikdirlər.

İlkin olaraq vətəndaşlar minik avtomobilinə tibbi göstərişin müəyyən edilməsi üçün aşağıda qeyd olunan sənədləri yaşadığı ərazi üzrə xidmət göstərən Tibbi Sosial-Ekspert Komissiyasına (TSEK) təqdim etməlidirlər:

– tibbi göstərişin müəyyən edilməsi üçün rayon (şəhər) poliklinikasından 88 nömrəli tibbi forma;
– şəxsiyyət vəsiqəsinin surəti;
– əlillik səbəbi, dərəcəsi barədə TSEK arayışının Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbəsi tərəfindən təsdiq edilmiş surəti.

Avtomobil ilə təmin edilmək məqsədilə növbəyə götürülmək üçün isə şəxsiyyət vəsiqəsi, yaşayış yerindən arayış və TSEK-in göstərişi ilə birlikdə Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarının inzibati binaları və ya “DOST” mərkəzlərinin inzibati binalarına müraciət edə bilərsiniz.

Qeyd edək ki, qanunun tələbinə görə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər minik avtomobili ilə növbədənkənar təmin olunurlar.