Bunları edirsinizsə, daha çox sığorta haqqı ödəyəcəksiniz

06.12.2022 İqtisadiyyat
Artıq üçüncü aydır ki, avtomobillərin icbari sığorta haqları yeni qaydaya əsasən hesablanır. Lakin müşahidələr onu deməyə əsas verir ki, sürücülərin bu sahədə məlumatları hələ də kifayət qədər deyil.

Bəs, yeni qaydalarda nələr var? Hansı hallarda əvvəlki illə müqayisədə daha çox sığorta haqqı ödəməli olacağıq?

Əvvəllər avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) haqqı mühərrikin həcminə və Bonus-Malus (BM) sisteminə əsasən hesablanırdısa, indi baza sığorta haqqı (50 AZN) saxlanılmaqla qiymətə müxtəlif faktorlara görə əmsallar da əlavə edilir. Buraya nəqliyyat vasitəsinin mühərrikinin həcminə və BM-ə görə əmsallardan başqa sürücünün yaşı və sürücülük təcrübəsi, avtomobilin daha çox istifadə olunduğu əraziyə, istismar müddətinə, onu idarə etmək hüququ olan şəxslərin sayına görə əmsallar aiddir. Avtonəqliyyat vasitəsinin sahibi və ya mülkiyyətçisi hüquqi şəxs olduqda buraya daha bir əmsal göstəricisi əlavə edilir. Əvəzində isə hüquqi şəxslər üçün sığortalının sürücülük təcrübəsi və yaşına görə, avtonəqliyyat vasitəsini idarəetmək hüququ olan şəxslərin sayına görə əmsallar tətbiq edilmir. Ümumilikdə, sığorta haqqını hesablamaq üçün fiziki şəxslər üzrə 6, hüquqi şəxslər üzrə isə 5 əmsaldan istifadə edilir.

4(206)

Mühərrikin həcminə görə əmsal 0,5-5 arasında dəyişir. Minimal əmsal qoşqular və yarım qoşqulara şamil edilir. Maksimal əmsal isə mühərrikinin həcmi 5000 sm3-dən böyük olan avtomobillər üçün tətbiq olunur.

Sürücünün yaşı və sürücülük təcrübəsinə görə isə əmsallar 1-1,35 arasında dəyişir. Ən yüksək əmsal 16-25 yaş və 65 yaşdan yuxarı yaş qrupuna aid olub 2 ilədək, 26-29 yaş qrupuna aid olub 1 ilədək sürücülük təcrübəsinə malik olanlara və 30-65 yaş qrupuna aid olub təcrübəsizlərə tətbiq olunur. Ən aşağı əmsal isə 26-65 yaş qrupuna aid olub 10 il sürücülük təcrübəsinə malik olanlara aiddir. Yəni, yaşınız 26-65 arasındadırsa və 10 il sürücülük təcrübəniz varsa, bu əmsalın tətbiqi sizin baza sığorta haqqınızı dəyişməyəcək. Digər yaş qrupu və sürücülük təcrübəsinə malik olanların baza sığorta məbləği isə artacaq.
Həmçinin avtonəqliyyat vasitəsinin daha çox istifadə olunduğu əraziyə görə əmsallar 0,95-1,1 arasında dəyişir. Bakı şəhəri üzrə bu əmsal 1,1, Sumqayıt şəhəri və Abşeron rayonunda 1,05, Naxçıvan Muxtar Respublikası və Gəncə şəhərində 1, digər şəhər və rayonlarda isə 0,95 təşkil edir. Avtomobilin daha çox istifadə olunan ərazi onun uçotda olduğu yer üzrə müəyyən olunur Bu da o deməkdir ki, avtomobiliniz paytaxtda qeydiyyatdadırsa baza sığorta məbləğinə bu istiqamət üzrə ən yüksək əmsal tətbiq ediləcək.

Avtonəqliyyat vasitəsinin istismar müddətinə görə isə 1-1,1 arasında əmsal hesablanır. Belə ki, 1-10 il arasında istismarda olan avtonəqliyyat vasitələri üçün 1, 11-20 il üçün 1,05, 20 ildən çox müddətdə istismar edilənlərə görə 1,1 əmsal tətbiq ediləcək. Yəni, avtomobilinizin yaşı artdıqca ödəyəcəyiniz məbləğ də artır.

Avtomobili idarə etmək hüququ olan şəxslərin sayına görə tətbiq olunan əmsallar isə 1-1,15 arasında dəyişir. Avtonəqliyyat vasitəsini yalnız bir şəxsin idarə etmək hüququ olduqda bir, iki və ya daha çox şəxsin idarə etmək hüququ olduqda 1,15 əmsal olacaq. Bu, o deməkdir ki, avtomobili idarə etmək hüququna malik şəxslərin sayı birdən çoxdursa sığorta haqqınızın məbləği artır.

5(155)

Avtonəqliyyat vasitəsinin sahibi və ya mülkiyyətçisi hüquqi şəxs olduqda baza sığorta məbləğinə əlavə 1,4 əmsal tətbiq ediləcək.

BM sistemi isə 13 il üzrə sığortalanma tarixi barədə məlumatların uçotunu təmin edir. Sığorta riskinin yüksək olmasını əks etdirən Malus sinifləri (1-ci – 13-cü BM sinifləri), sığorta riskinin aşağı olmasını əks etdirən Bonus sinifləridir (15-ci – 22-ci BM sinifləri). Sığorta müqaviləsi ilk dəfə bağlanarkən təyin olunan və sığorta riskinin qeyri-müəyyən olmasını əks etdirən 14-cü BM sinfidir. BM üzrə əmsallar 0,6-3 arasında dəyişir. Ən yüksək əmsal 1-ci BM sinfinə, ən aşağı əmsal isə 22-ci BM sinfinə aiddir. Digər əmsallarla müqayisədə BM geniş və dəyişkən intervalda formalaşdığından onun sığorta haqqının məbləğinin müəyyən edilməsində rolu daha böyükdür. Belə ki, BM-dən asılı olaraq əvvəlki illə müqayisədə sığorta haqqı azala və ya bir neçə dəfə arta da bilər.

BM sinfinin müəyyən edilməsi üçün hesablama tarixindən əvvəlki sığorta müqaviləsinin hesablama tarixinədək müddətə aid olan məlumatlardan istifadə olunur. Hesablama dövründə fərdi BM subyektinin (FBMS) sığortalı olduğu günlərin sayı 275-dən azdırsa, onun həmin BM qrupu üzrə BM sinfi dəyişmir, əksinə, 275-dən çoxdursa və ödəniş həyata keçirilmiş heç bir sığorta hadisəsi baş verməyibsə, mövcud BM sinfi bir pillə artır.

İkinci mərhələdə FBMS-in BM sinfi onun təqsiri üzündən hesabat dövründə ödəniş həyata keçirilmiş heç bir sığorta hadisəsi baş verməyibsə, yuxarıda qeyd edilən formada müəyyən edilir. FBMS-in təqsiri üzündən hesabat dövründə bir və ya daha çox ödəniş həyata keçirilmiş sığorta hadisəsi baş veribsə, onun BM sinfi sığorta hadisələrinin sayından asılı olaraq müəyyən olunur. Məsələn, sığorta riskinin aşağı olduğu 20-ci BM sinfinə malik sürücünün təqsiri üzündən bir müqavilə dövründə sığorta ödənişi həyata keçirilmiş bir sığorta hadisəsi baş verərsə, növbəti müqavilə üzrə onun BM sinfi 15-ə enəcək. Bununla da onun BM əmsalı da 0,7 deyil 0,95 olacaq. Bu da o deməkdir ki, digər əmsallar üzrə hesablanmış məbləğ sonda 0,7-yə deyil, 0,95-ə vurulacaq. Yəni, digər göstəricilər üzrə əmsalların dəyişməyəcəyi halda, əvvəlki illə müqayisədə 25 faiz daha çox sığorta haqqı ödənilməli olacaq.

1(332)

İl ərzində belə hadisələrin sayı artarsa sığorta haqqı daha da artacaq. Məsələn, sığorta riskinin aşağı olduğu 20-ci BM sinfinə malik sürücünün təqsiri üzündən bir müqavilə dövründə sığorta ödənişi həyata keçirilmiş üç sığorta hadisəsi baş verərsə, növbəti müqavilə üzrə onun BM sinfi sığorta riskinin yüksək olmasını əks etdirən 7-yə enəcək. Bu, o deməkdir ki, BM əmsalı 0,7-dən 1,8-ə dəyişəcək. Belə olan halda növbəti il digər əmsallar üzrə göstəricilərin dəyişməz qalacağı təqdirdə sürücünün ödəyəcəyi sığorta haqqı əvvəlki illə müqayisədə 2,6 dəfə artacaq.

Avtopark (2 və daha çox avtomobili) olan BM subyektinin (ABMS) BM sinfi isə fərqli üsulla müəyyən edilir. Bunun üçün ABMS-in təqsiri üzündən son bir il ərzində baş vermiş və ödəniş həyata keçirilmiş sığorta hadisələrinin sayının həmin il ərzində onun sığortalı olduğu günlərin sayına bölməklə hesablanan tezlik əmsalından (TƏ), eyni zamanda, İcbari Sığorta Bürosu tərəfindən ildə bir dəfə son beş il ərzində bütün sığortalıların təqsiri üzündən baş vermiş və ödəniş həyata keçirilmiş sığorta hadisələrinin sayını həmin müddət ərzində bütün sığortalıların sığortalı olduqları günlərin sayına bölməklə hesablanan əmsaldan (OTƏ) istifadə edilir.

TƏ əmsalı OTƏ-dən böyük olmadıqda (TƏ < OTƏ) ABMS-in BM sinfi mövcud olandan bir pillə yüksək səviyyədə müəyyənləşdirilir. Bu olmadıqda BM sinfi dəyişmir. İkinci mərhələdə bu şərt yerinə yetirilmədikdə ABMS-in BM sinfi aşağıdakı düstura əsasən hesablanan ədədin ən yaxın natural ədədədək yuvarlaqlaşdırılması ilə müəyyənləşdirilir: BM = ABM sinfi x (1 – 100 x TƏ2/OTƏ)

6(133)

Bir illik sığorta haqqı fiziki şəxslər üçün belə hesablanır: Baza sığorta məbləği x avtonəqliyyat vasitəsinin növünə (mühərrikin həcminə) görə əmsal x sığortalının sürücülük təcrübəsi və yaşına görə əmsal x avtonəqliyyat vasitəsinin daha çox istifadə olunduğu əraziyə görə əmsal x avtonəqliyyat vasitəsinin istismar müddətinə görə əmsal x avtonəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxslərin sayına görə əmsal x BM əmsalı.

Hüquqi şəxslər üçün isə bir illik sığorta haqqı məbləği = baza sığora məbləği x avtonəqliyyat vasitəsinin növünə (mühərrikinin həcminə) görə əmsal x avtonəqliyyat vasitəsinin daha çox istifadə olunduğu əraziyə görə əmsal x avtonəqliyyat vasitəsinin istismar müddətinə görə əmsal x hüquqi şəxslər üçün avtonəqliyyat vasitəsi sahibinin və və ya mülkiyyətçisinin hüquqi şəxs olmasına görə əmsal x BM əmsalı.

BM əmsalını nəzərə almasaq, fiziki şəxslər üçün ən yüksək sığorta haqqı 469,63 AZN olacaq. Əvvəlki qayda ilə bu kateqoriya üçün ən yüksək sığorta haqqı (BM əmsalını nəzərə almadıqda) 250 manat təşkil edirdi. Hüquqi şəxslər üçün isə bu məbləğ 300 manat idisə, dəyişiklikdən sonra bu, 657,48 manatdır.

Tətbiq edilən əmsalların təhlili onu deməyə əsas verir ki, hətta aşağı riskli sürücü belə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda hərəkətdə olduğu üçün ödəyəcəyi sığorta haqqı əvvəlki qayda ilə hesablanmış məbləğdən fərqlənəcək.