USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dolu bazarda qiymətləri - BAHALAŞDIRACAQ

27.05.2019 İqtisadiyyat
0 0
Təbiət hadisələrinin daha çox zərər vurduğu sahələrdən biri də kənd təsərrüfatıdır. Xüsusən də güclü yağışlar və yağan dolu əkin sahələrinə böyük ziyan vurur.

"Kommersant.az" xəbər verir ki, son günlər isə Azərbaycanın bir sıra rayon və kəndlərində dolu yağıb. Ümumiyyətlə, dolu yağmasının bu sahəyə nə kimi ziyanları var? Mövcud vəziyyət bahalaşmaya səbəb ola bilərmi?

Mövzu ilə əlaqədar Lent.az-ın suallarını cavablandıran kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli deyib ki, ölkəyə yerləşdiyi iqlim qurşağına görə hər ilin bu dövrü, yəni aprel-may aylarında, bəzən isə qlobal dəyişiklik baş verən iyun ayının ilk 10 günündə dolu yağır:

"Ümumiyyətlə, kənd təsərrüfatı üçün ən riskli faktor dolu yağmasıdır və bu təbiət hadisəsi çox təhlükəlidir. Çünki indi artıq taxılçılıqda məhsul yetişmə ərəfəsi, meyvəçilikdə isə çiçəklənmə prosesindən sonrakı dövrdür.
Amma son vaxtlar bir sıra rayon və kəndlərə düşən doluları araşdırmışıq ki, onlar lokal xarakter daşıyır. Həmçinin dolu əsasən əkin dövriyyəsindən kənar yerlərə düşüb. Ciddi iqtisadi ziyan barədə isə hələ ki məlumatsızıq".

Ekspert qeyd edib ki, dolu bazarda müəyyən qiymətlərə təsir göstərir:

"Bəzi şəxslər dolu düşən kimi mövsümi məhsulların qiymətinə "əl gəzdirirlər". Bu isə daha çox özünü pomidor, xiyar və boston məhsullarında göstərir. Çünki indiki mövsüm elədir ki, hələ bütün kənd təsərrüfatı məhsullarının kütləvi istehsalı başlamayıb və onlar bazara çıxmayıb. Qiymətlərin bahalaşmasında isə yaranmış vəziyyətdən istifadə edirlər".

N.Nəsirli kənd təsərrüfatını sığorta sistemindən də danışıb:

"Hər il istehsalçılarımız dolu və digər təbiət hadisələrinin təsirindən ziyan çəkir və 50-70% faiz civarında məhsulun itkiyə getməsi ilə ziyana düşürlər. Təsərrüfatda qlobal hadisələr olmasa belə ümumilikdə kənd təsərrüfatı istehlakçılarının iqtisadi müdafiə mexanizmi olmalıdır. Burada söhbət kiçik sahibkarlardan gedir.
1995-ci il islahatına görə bizdə kiçik və orta sahibkarlıq 1-2 ha arasında formalaşır. Belə hadisələr olanda isə təbii ki, təsərrüfatlara ziyan dəyir və onların iqtisadi aktivliyi aşağı düşür. Bundan başqa ölkədə hələ ki, aqrar sığorta mexanizminin tətbiq olunmasına nail ola bilməmişik. Bildiyim qədəri ilə qanun Milli Məclisdə birinci oxunuşdan keçib və hazırda müəyyən aidiyyəti orqanlar tərəfindən müzakirələri aparılır. Verilən qərar isə kifayət qədər ciddi olacaq, çünki qərarın kimlərə şamil olunması, Zəmanət Fondunun yaradılmasının nəzərdə tutulması və s. suallara bununla aydınlıq gətiriləcək".

  • Əvvəlki

    Bank VTB (Azərbaycan) və STEP IT Academy memorandum imzalayıb

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0