USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nazirlər Kabinetindən yeni qərar

10.06.2020 İqtisadiyyat
0 0
“Naxçıvan Muxtar Respublikasının ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin həyata keçirilməsi Qaydası” təsdiq edilib.

"Kommersant.az"-ın xəbərinə görə, bu barədə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti 2 iyun 2020-ci ildə qərar verib.

Qərarda bildirilir ki, peşəyönümü xidməti ümumi təhsil müəssisələrinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrində təhsil alanlar üçün təşkil edilir.

Naxçıvanın ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin təşkili fərdi yanaşmanın tətbiqi ilə təhsilalanların inkişaf səviyyələri, yaş, fərdi psixoloji xüsusiyyətləri, meyil, maraq və qabiliyyətləri nəzərə alınmaqla, onlara pedaqoji, psixoloji, tibbi, fizioloji yönümlü məzmun və metodlar əsasında həyata keçirilir. Nəzərdə tutulan tədbirlər ümumi təhsil müəssisələrinin pedaqoji işçiləri tərəfindən həyata keçirilir.

Peşə marağının və qabiliyyətlərin öyrənilməsi, diaqnostik tədbirlər psixoloq cəlb edilməklə ümumi təhsil müəssisələrinin rəhbərliyi tərəfindən mütəmadi olaraq ümumi orta və tam orta təhsil səviyyəsində təşkil edilir.

İbtidai təhsil səviyyəsində peşəyönümü xidməti tədbirləri təhsilalanlarda əmək və peşələr haqqında ilkin təsəvvürlər, müxtəlif peşə sahələrinin əsas xüsusiyyətləri, o cümlədən ünsiyyət, əməkdaşlıq, yaradıcılıq, tənqidi təfəkkür və məsələ həlli kimi vacib səriştələrin formalaşması məqsədilə fənlərin və dərsdənkənar məşğələlərin məzmununda nəzərdə tutulur. Bu səviyyədə təhsilalanlar üçün əsasən peşə marağının və qabiliyyətlərin öyrənilməsi, maarifləndirmə tədbirləri təşkil olunur.

Qərarda bildirilir ki, peşə təmayüllü siniflərdə mövcud əmək bazarı ehtiyacları nəzərə alınmaqla, praktik bilik və bacarıqların formalaşdırılması üçün müxtəlif peşə sahələrinə aid modullar tədris edilir. Peşə sahələrinə aid modullar və ya ümumi peşə səriştələrinin tədrisinə ayrılan saatların miqdarı qanunvericiliklə nəzərdə tutulan tam orta təhsil səviyyəsi üzrə həftəlik dərs saatlarının maksimum miqdarının ən azı 1/3-ni təşkil etməlidir.

Peşə təmayüllü siniflərdə təhsil almaq istəyənlər həmin siniflərin təşkil olunduğu müəssisənin rəhbərliyinə ərizə ilə müraciət edirlər. Bu siniflər 15 nəfərdən az, 20 nəfərdən artıq şagird olmamaqla təşkil olunur. Qəbul zamanı eyni təmayüllü sinfə müraciət edənlərin sayı 20 nəfərədək olduqda, müraciət edənlər təmayüllü sinfə müsabiqəsiz qəbul edilirlər, 20 nəfərdən çox olduqda isə müəssisənin rəhbərliyi tərəfindən müsabiqə təşkil olunur. Müsabiqə təhsilalanların IX sinif buraxılış imtahanları üzrə nəticələrinə əsasən həyata keçirilir və həmin nəticələrə əsasən göstəriciləri daha yaxşı olanlar qəbul edilirlər.

Təhsilalanların peşə fənləri üzrə bilik, bacarıq və səriştələrinin qiymətləndirilməsi peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılması qaydasına uyğun həyata keçirilir.

Peşə təmayüllü siniflərin məzunlarına müəyyən edilmiş nümunəli tam orta təhsil haqqında attestatla yanaşı peşə istiqamətinin adı göstərilməklə sertifikat verilir. Peşə təhsili müəssisələrinə tələbə qəbulu zamanı sertifikatı olan şəxslər peşə təhsili müəssisəsinə müsabiqədənkənar qəbul edilir və müvafiq ixtisasın təhsil proqramında tədris olunmuş modullar nəzərə alınır.

  • Əvvəlki

    Naxçıvana həftədə iki aviareys həyata keçiriləcək

Digər xəbərlər

07.05.2024 İqtisadiyyat
Apple M4 prosessorunu təqdim etdi
0 0
07.05.2024 İqtisadiyyat
Polşada "Avro"nun qiymətləndirilməsi
0 0