USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Daxili bazarda ikinci əl avtomobillərin alqı-satqısı asanlaşacaq” - EKSPERT

26.09.2022 İqtisadiyyat
0 0
Prezident İlham Əliyevin fərmanı ilə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi Elektron Hökumət Sisteminə inteqrasiya olunacaq.

Bu barədə nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov deyib.

Onun sözlərinə görə, bu sistemə daxil edilən məlumatlar bir sıra dövlət qurumları üçün də əlçatan olacaq.

“Bu sistem mövcud olan prosedurların elektronlaşdırılması və mərkəzi bazada cəmləşdirilməsidir. Bildiyimiz kimi, Azərbaycan Respublikasının “Yol hərəkətinin təhlükəsizliyinə dair Dövlət Proqramı” mövcuddur. Proqramda da qəzaların sayının azaldılması istiqamətində və qəza sonrası prosedurların sürətlə icra olunmasıyla bağlı müddəalar var. Bu fərman proseslərin elektronlaşdırılması, informasiyaların daxil edilməsi, qəza sonrası prosedurların sürətlə və dəqiq icra olunmasına kömək edəcək”.

Ekspert bildirib ki, elektron bazanın yaradılması gələcəkdə yararsız avtomobillərin ölkəmizdə utilizasiya proqramına və ikinci əl avtomobillərin alqı-satqısına dəstək olacaq.

“Bu gün ölkəmizdə onlayn qaydada avtomobil alqı-satqısını həyata keçirmək çətindir. Amma bu qaydalar mərkəzləşdirilmiş elektron bazada olsa, daxili bazarda ikinci əl avtomobillərin alqı-satqısı asanlaşar. Avtomobilin texniki vəziyyəti barədə tam dolğun elektron arayışın verilməsi təmin edilə bilər. Məsələn, bir vətəndaş digərindən avtomobil alırsa, avtomobilin texniki vəziyyətini sözlə deyil, elektron bazadan öyrənə bilər”, - deyə ekspert bildirib.