USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Azərbaycanda rəqabətin təmin olunmadığı şəraitdə iqtisadiyyatın inkişaf etməsi mümkün deyil" - ŞƏRH

25.04.2023 İqtisadiyyat
10 5
“5-6 ildir Azərbaycanın əsas neft yataqlarında neft hasilatı azalır və bu azalma ölkəyə valyuta axınını da azaldır. Hökumət bununla bağlı çoxdan düşünməli idi”.

Kommersant.az-a bunu iqtisadçı Akif Nəsirli İqtisadiyyat naziri Mikayıl Cabbarovun fikirlərini şərh edərkən deyib.

Ekspert qeyd edib ki, bu gün neftdən gələn gəlirlər hesabına manat ayaqda saxlanılır:

“Mart ayında 383 milyon dollarlıq neft hərraca çıxarılaraq satılıb. Həmin vəsaitlər də sahibkarlar tərəfindən manata alınır və bunun əsasında ölkəyə istehlak malları idxal edilir”.

Akif Nəsirli əlavə edib ki, ölkənin daxilində istehsal edilmə potensialı olan məhsullar xaricdən idxal olunur:

"Ona görə də Azərbaycan iqtisadiyyatı bu cür arzuolunmaz vəziyyətlə nə vaxtsa üzləşəcək. Bu çətin vəziyyətin qarşısını almaq üçün elə bu başdan iqtisadiyyat qurulmalı, ölkə daxilində istehlak mallarının istehsalına şərait yaratmalı, sənayə sahəsi inkişaf etdirilməlidir”.

Bəs Azərbaycanda qeyri-neft biznes sahələrinin yaradılması üçün hansı şərait olmalıdır sualına iqtisadçı cavab olaraq bildirib ki, Azərbaycanda iqtidsadiyyatın inkişaf etdirilməsi, yerli istehsalın bərpa edilməsi üçün ilk növbədə iqtisadi azadlıq və inhisarçılığın aradan qaldırılması vacib məsələdir.

“Bu iki amil ölkə daxilində rəqabəti təmin edir. Bazar iqtisadiyyatında rəqabətin təmin olunmadığı şəraitdə iqtisadiyyatın inkişaf etməsi mümkün deyil. Əgər həmin bazarda rəqabət yoxdursa, ölkə daxilində istehsal ilbəil aşağı düşür. Bununla yanaşı, sahibkarlıq mühiti normallaşdırılmalı, sahibkarların qarşısında olan əngəllər aradan qaldırılmalıdır”.

İqtisadçı əlavə olaraq qeyd edib ki, məhkəmələr də müstəqil olmalıdır:

“Qanunun aliliyi təmin olunmalıdır. Mülkiyyət hüququna zəmanət olmalıdır. Bütün bu sadaladıqlarımız olsa, nəinki yerli sahibkarlarda, hətta xarici sahibkarlar da ölkədə sahibkarlıq fəaliyyəti ilə məşğull olmağa maraqlı olar. Yeni sahələrə investisiya qoymağa maraq yaranacaq.

Əgər hökumət sadaladığımız bu problemi həll edərsə, Azərbaycan dünyanın ən cəlbedici biznes mühitinə malik olan ölkələrdən biri olacaq”.

Qeyd edək ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda nazirliyin, nazirlik yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda keçirilən konfransda video-müraciətdə “Azərbaycanın əsas neft yataqları hasilatın azalması mərhələsindədir. Odur ki, növbəti illərdə əsas hədəf qeyri-neft sektorunun inkişafı ilə bağlıdır” deyib.