USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Masallı Sənaye Məhəlləsində 800-ə yaxın yeni iş yeri açılacaq

31.07.2018 İqtisadiyyat
0 0
Masallıda sənaye məhəlləsinin tikintisi rayon iqtisadiyyatının sürətli inkişafına, 800-ə yaxın yeni iş yerinin açılmasına səbəb olacaq.

"Kommersant.az"ın məlumatına görə, AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Masallı Rayon İcra Hakimiyyəti başçısı yanında şuranın geniş iclasında danışılıb.
Bu ilin birinci yarısında rayonda sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlərə və qarşıda duran məsələlərə həsr olunmuş iclasda hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov bildirib ki, ölkəmizin bütün bölgələrində olduğu kimi, Masallı rayonunda da 2018-ci ilin birinci yarısı sosial-iqtisadi inkişaf göstəricilərinə görə uğurlu olub, yeni iş yerlərinin yaradılması, tikinti-quruculuq, abadlıq işlərinin sürətlə davam etdirilməsi üçün ardıcıl tədbirlər həyata keçirilib.
Bu dövrdə Masallı şəhərinin mərkəzindən keçən Viləş çayının ətrafında salınan park-bulvar kompleksində çay yatağının beton məcraya salınması işləri davam etdirilib. Burada müxtəlif istirahət mərkəzləri, idman meydançalarının tikintisi və uşaq-əyləncə qurğularının quraşdırılması planlaşdırılır. Ümumi uzunluğu 24,7 kilometr olan Eminli-Qarğalıq-Səmidxan-Seybətin, Şatroba-Hişkədərə-Miyankü kəndləri istiqamətində yolların asfaltlaşdırılması işləri başa çatdırılıb, şəhərin Bakı prospekti və Seybətin küçəsinin yenidən qurulması işlərinə, yeni Ələt-Astara avtomobil yolunu Masallı şəhəri ilə birləşdirən 1,5 kilometrlik yolun, eləcə də uzunluğu 3,2 kilometr olan Masallı-Təzəkənd yolunun yenidən qurulmasına, 3 kilometrlik Gəyəçöl yolunun təmirinə başlanılıb. 2016-cı ildə inşasına başlanılan və 2018-ci ildə təhvil verilməsi nəzərdə tutulan Masallı Rayon Məhkəməsinin yeni inzibati binasında tikinti işləri davam etdirilir.
Bildirilib ki, Masallı rayonunda sənaye məhəlləsinin yaradılması məqsədilə Ələt-Astara avtomobil yolunun 165-ci kilometrinin sol tərəfində 10 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılaraq tikinti işlərinə başlanılıb. Artıq layihə üzrə nəzərdə tutulmuş bina və qurğuların tikintisi yekunlaşıb. Sənaye məhəlləsinin yaradılması ilə əlaqədar rayondan olan kiçik və orta sahibkarlarla müzakirələr aparılıb.
Diqqətə çatdırılıb ki, bu ilin birinci yarısında rayon üzrə məhsul istehsalı və göstərilən xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz artaraq 352,7 milyon manat olub. Bu dövrdə sənaye məhsullarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz artaraq 28,2 milyon manata, kənd təsərrüfatı məhsullarının həcmi 1,5 faiz artaraq 63,8 milyon manata çatıb. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 2,2 faiz artaraq 37,4 milyon manat təşkil edib. Bu ilin altı ayında Masallı Rayon Məşğulluq Mərkəzinə müraciət etmiş 1354 nəfər işaxtarandan 805 nəfəri işlə təmin olunub.
Bu dövrdə rayonda iribuynuzlu mal-qaranın sayı 71908 başa, xırdabuynuzlu mal-qaranın sayı 85739 başa çatıb. Süd istehsalı 27034,8 ton, ət istehsalı 3257,8 ton, yumurta istehsalı 38111 min ədəd olub.
Məruzədə diqqətə çatdırılıb ki, Dövlət Proqramı əsasında rayon mərkəzi və 22 yaşayış məntəqəsinə birpilləli sistem üzrə yeni qaz xəttinin çəkilməsi ilə əlaqədar rayonun Sirəbil, Qızılağac, Hüseynhacılı, Öncəqala, Məmmədoba, Xıl, Babaküçə, Sığdaş, Sığıncaq, Bala Təklə, Qasımlı, Yeddioyma-2, Xanalion, Tiyaqani, Şıxlar və Qodman kəndləri təbii qazla təchiz edilib. Hazırda Tatyanoba və Güllütəpə kəndlərinin qazlaşdırılmasına başlanılıb.
Cari ilin altı ayı ərzində Xallıcallı və Təkdam kəndlərində müvafiq olaraq 96 və 80 şagird yerlik modul tipli məktəblərin və Göyəçöl tam orta məktəbinin tikintisinə başlanılıb. Hazırda Xallıcalı və Təkdam məktəblərində son tamamlanma işləri görülür, Gəyəçöl kənd tam orta məktəbində isə tikinti işləri davam etdirilir. Yaxın günlərdə Şıxlar və Bala Təklə kəndlərində də modul tipli məktəblərin tikintisinə başlanılacaq.
Məruzə ətrafında müzakirələrdə rayon kənd təsərrüfatı idarəsinin rəisi Seymur Nuriyev, Hişkədərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Qumriyyə Cəfərova, Masallı Rayon İcra Hakimiyyəti başçısının Memarlıq və tikinti şöbəsinin müdiri – baş memar Abbas Mikayılov, Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəis müavini İsa Nuriyev çıxış edərək, ilin birinci yarısında görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıblar.
Tədbiri Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov yekunlaşdıraraq iclasda səsləndirilən təkliflər və mövcud problemlərlə bağlı rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinə tövsiyə və tapşırıqlar verib.
Sonda müzakirə edilən məsələ ilə əlaqədar müvafiq qərar qəbul olunub.

  • Əvvəlki

    Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi baş verib

Digər xəbərlər