USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ-Çin razılaşmasından sonra dollar möhkəmlənir

12.05.2025 İqtisadiyyat
0 0
ABŞ və Çinin 3 aylıq qarşılıqlı gömrük rüsumlarını azaltmaq barədə razılığa gəlməsindən sonra dollar digər valyutalar qarşısında dəyər qazanıb.

ABŞ və Çin arasında bir müddətdir davam edən tarif və ticarət mübahisələrini həll etmək üçün tərəflər həftə sonu İsveçrənin Cenevrə şəhərində bir araya gələrək bəzi maddələr üzərində razılığa gəliblər. Müvafiq olaraq, tərəflər ABŞ-ın Çin mallarına tətbiq etdiyi rüsumların 90 gün ərzində 145 faizdən 30 faizə, Çinin isə eyni müddət ərzində ABŞ mallarına tətbiq etdiyi rüsumların 125 faizdən 10 faizə endirilməsi barədə razılığa gəliblər.

Bu inkişaflarla dollar digər valyutalar qarşısında dəyər qazandı. Dollar indeksi aprelin 10-dan bu yana ən yüksək həddi olan 101,8-ə yüksəlib. Hazırda indeks 1,08 faiz artımla 101,4 səviyyəsindədir.

Avro/dollar pariteti 1,1 faiz azalaraq 1,1120-yə düşüb, bu, aprelin 10-dan bəri ən aşağı həddi olub. Funt/dollar pariteti də 1 faiz azalaraq 1,3180 olub. Dollar/yen pariteti 1,1 faiz artaraq 147,7 olub. Sözügedən səviyyə aprelin 10-dan bəri ən yüksək səviyyə idi.

Dollar İndoneziya rupiyasına qarşı 1 faiz, İsveçrə frankı qarşısında 1 faiz, İsveç kronuna qarşı 0,9 faiz, Tayvan dollarına qarşı 0,5 faiz, Çin yuanına qarşı isə 0,3 faiz bahalaşıb.

Qlobal iqtisadi qeyri-müəyyənliklər səbəbiylə rekordlar ardınca rekord qıran qızılın unsiya qiyməti ABŞ və Çin arasında rüsumlarla bağlı razılaşmaya görə ucuzlaşıb. Qlobal bazarlarda artan risk iştahı ilə əlaqədar olaraq qızılın unsiya qiyməti 3216 dollara kimi ucuzlaşdıqdan sonra hazırda əvvəlki bağlanışla müqayisədə 1,8 faiz azalaraq 3231 dollardan alıcı tapır. Eyni zamanda, ABŞ-ın 10 illik istiqraz faizi 4,4380 səviyyəsindədir.