USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda market tipli apteklər yaradılacaq? - AÇIQLAMA

08.12.2025 İqtisadiyyat
0 0
"Elmi ədəbiyyatda “market tipli aptek” termini birbaşa işlədilməsə də, bu konseptə ən yaxın anlayışlar “Retail Pharmacy”, “Supermarket Pharmacy”, “Chain Pharmacy” və “Healthcare–Retail Hybrid Model” kimi təsnif edilir. Hibrid modeldə klassik farmasevtik xidmətlər geniş məhsul çeşidi, özünəxidmətə yaxın vitrinlər və ticarət yönümlü alıcı təcrübəsi ilə birlikdə təqdim olunur".

Bunu açıqlamasında marketoloq Səfər Aslanov deyib.

O, bildirib ki, Azərbaycanda aptek sektoru son illərdə sürətlə inkişaf edib və şəbəkələşir:

"Bəzi şəbəkələr artıq geniş formatlı, market tipli satış məkanlarına inteqrasiya olunub. Bu modelin üstünlüyü ondan ibarətdir ki, dərman olmayan məhsulların marjası daha yüksək olduğundan aptekin gəlirliliyi artır. Geniş çeşid daha çox müştəri cəlb edir, “one-stop-shop” konseptinə uyğun olaraq insanlar dərman, qida əlavəsi, tibbi cihaz və kosmetik məhsulları eyni məkandan almağa üstünlük verirlər. Market tipli aptek bazarda mövqeyini gücləndirir, markanın tanınmasını artırır, promosiyalar, loyallıq kartları və özünəxidmət sistemi bu model üçün daha effektiv olur".

Marketoloq bildirib ki, digər tərəfdən, geniş sahəli aptek 80–150 m² və ya daha çox sahə tələb edir ki, bu da icarə və dizayn xərclərini artırır:

"Dərman, qida və gigiyena məhsullarının sanitar normalara uyğun ayrılması zəruridir, əks halda tənzimləmə problemləri yaranır. Satış yönümlü xidmət və farmasevtik məsləhət funksiyalarının eyni çəkidə təqdim edilməsi personal hazırlığını çətinləşdirir. Məhsul çeşidinin artması idarəetməni daha kompleks edir. Rəqabət üstünlüyü qazanmaq üçün isə özünəməxsus brend kimliyi və yüksək xidmət keyfiyyəti daha da vacib olur".