USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Prezidentin Bolqarıstana səfəri zamanı açılmış interkonnektorun əhəmiyyəti nədir?

03.10.2022 Siyasət
0 0
Prezident İlham Əliyevin Bolqarıstana sonuncu səfəri zamanı açılmış Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru (IGB) Bolqarıstan, Macarıstan, Slovakiya, Serbiya, Avstriya kimi ölkələrin də Azərbaycan qazını almaq imkanını artıracaq. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

Onun sözlərinə görə, interkonnektor Azərbaycan qazının daha çox ölkəyə ixrac olunması üçün infrastrukturun yaranması deməkdir. Bu boru kəməri digər ölkələrə də Azərbaycan qazını mövcud infrastrukturdan istifadə etməklə, əlavə investisiya qoymadan əldə etmək imkanı yaradır.

T.Mirkişili əlavə edib ki, Avropada Azərbaycan qazına tələbat sürətlə artır. Avropa üçün yeni enerji mənbəyi, etibarlı tərəfdaş sayılan, layihələri qısa müddətdə yerinə yetirə bilən Azərbaycan ötən il ərzində 19 milyard kubmetr qaz ixrac edib. Cari ildə bu həcmin 22,5 milyard kubmetrə çatdırılması gözlənilir ki, onun da 11,5 milyard kubmetri Avropa ölkələrinə ixrac ediləcək: “Bu rəqəm Avropanın ümumi idxalında o qədər də böyük görünməyə bilər. Amma bir çox ölkələr, xüsusilə Şərqi Avropa dövlətləri üçün Azərbaycan qazının oynayacağı rol kifayət qədər böyükdür”.

Komitə sədri deyib ki, Azərbaycan bu istiqamətdə qaz ixracını artırmaq üçün mövcud qaz kəmərlərinin buraxılış qabiliyyətlərinin artırılması təklifini irəli sürüb. Hazırda TANAP layihəsi üzrə ildə 16 milyard kubmetr, TAP layihəsi üzrə isə 10 milyard kubmetr qaz ixrac etmək mümkündür. Azərbaycan Avropa Birliyi ilə bu həcmin növbəti 4 il ərzində iki dəfə artırılması barədə razılıq əldə edib. Bu razılaşmaya uyğun olaraq, qaz kəmərlərinin buraxılış gücü daha çox artırılacaq ki, bunun da nəticəsində Azərbaycan qazı daha çox ixrac oluna biləcək.

Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatlarının həcminin 2,6 trilyon kubmetr olduğunu nəzərə çatdıran T.Mirkişili ölkəmizin qaz ixrac etmək üçün kifayət qədər imkanlarının olduğunu söyləyib: “Hazırda yeni yataqların işlənməsi prosesi də gedir. Bu, o deməkdir ki, Azərbaycan mövcud infrastrukturu inkişaf etdirməklə daha çox qaz ixrac edib daha çox valyuta əldə edəcək. Bu ilin 8 ayı ərzində Azərbaycanın qaz ixracından əldə etdiyi gəlirin həcmi 340 faizədək, istehsal isə cəmi 9,7 faiz artıb. İxracdan əldə olunan gəlirin artması Azərbaycanın qaz ixracından gələcəkdə daha çox valyuta əldə edə bilmə imkanının olduğunu göstərir. Bütövlükdə yeni reallıqlar, Azərbaycanla Avropa Birliyi arasındakı əməkdaşlığın yeni səviyyəyə çatması dövlətimizin gücünü, nüfuzunu göstərir”.

Qeyd edək ki, ümumi dəyəri 240 milyon avrodan çox, ümumi uzunluğu 182 kilometr olan IGB Bolqarıstanın və Yunanıstanın qaz nəqli şəbəkələrini birləşdirir.

Layihə 2011-ci ildə Bolqarıstanda qeydiyyatdan keçmiş Bolqarıstan-Yunanıstan “ICGB AD” investisiya şirkəti tərəfindən Bolqarıstanın Enerji Holdinqi və Yunanıstanın “IGI Poseidon” şirkətinin səhmdarları ilə birlikdə reallaşdırılır və hər biri 50 faiz paya malikdir. IGB Azərbaycanın “Şahdəniz-2” yatağından hasil edilən təbii qazı Bolqarıstana çatdıracaq. Bu məqsədlə Bolqarıstanın “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb.