USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ceyhun Bayramov Bolqarıstanın səfirini qəbul edib

23.02.2023 Siyasət
0 0
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Bolqarıstan Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Ruslan Stoyanovu qəbul edib. Səfir Ruslan Stoyanov etimadnaməsinin surətini nazirə təqdim edib.

Azərbaycanın Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Ceyhun Bayramov səfir Ruslan Stoyanovu təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. İki ölkə arasında müxtəlif, o cümlədən siyasi, iqtisadi, energetika sahələrində ikitərəfli münasibətlərin mövcudluğuna məmnunluqla istinad edən nazir Ceyhun Bayramov, münasibətlərin daha da inkişaf etdirilməsi üçün potensialın olduğunu bildirib.

Əlaqələrin inkişafında Azərbaycan və Bolqarıstan arasında mövcud siyasi dialoq və yüksək səviyyəli səfərlərin və təmasların mühüm rol oynadığı diqqətə çatdırılıb. Xüsusilə, energetika sahəsində səmərəli əməkdaşlığın təcəssümü kimi ötən il Azərbaycan Respublikasının Prezidentinin iştirakı ilə Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun istismara verilməsinin əhəmiyyəti qeyd olunub. Bu xüsusda, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunması, habelə enerji təchizatının şaxələndirilməsində rolundan geniş bəhs edilib.

Ölkəmizə səfir təyin olunmasından məmnunluğunu ifadə edən səfir Ruslan Stoyanov, Azərbaycan və Bolqarıstan arasında ikitərəfli, o cümlədən çoxtərəfli səviyyələrdə qarşılıqlı faydalı əməkdaşlıq gündəliyinin mövcud olduğunu qeyd edib. Bu xüsusda, müxtəlif sahələr üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini qeyd edib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.