USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Azərbaycan Konstitusiyası kobud şəkildə pozulur" - QURU SƏRHƏDLƏRİ NİYƏ AÇILMIR? AÇIQLAMA

02.03.2023 Siyasət
27 2
Naxçıvan sərhədindən Türkiyəyə gediş-gəlişə qoyulmuş qadağa 1 fevral 2023-cü ildən ləğv edilib. Sədərək Gömrük Sərhəd-Buraxılış Məntəqəsindən şəxsi avtomobillərin keçidinə icazə verilib. Lakin qeyd edilib ki, sərhədi keçmək istəyən şəxslər yalnız Naxçıvan Muxtar Rüspublikasında qeydiyyatda olmalıdır. Bəs sərhədlərin açılmamasının, bütün Azərbaycan vətəndaşlarına bu icazənin verilməməsinin səbəbi nədir?

Sərhədlərin açılmaması vətəndaşların konstitusion hüququnun pozulmasıdır - Natiq Cəfərli

Kommersant.az xəbər verir ki, məsələni iqtisadçı Natiq Cəfərli və professor Adil Qeybulla ilə müzakirə edib. Natiq Cəfərli bildirib ki, bu keçiddən yalnız Naxçıvan qeydiyyatında olanların istifadə etməsinə icazə verilməsi anlaşılan deyil:

“Azərbaycan vətəndaşı olaraq Naxçıvan və ya Bakı qeydiyyatında olanların Konstitusiya qarşısında heç bir fərqi yoxdur. Ona görə də ayrıcalıq tanımaq, ayrıca qaydalar qoymaq Azərbaycan Konstitusiyasının kobud şəkildə pozulması deməkdir. Çünki Azərbaycan Respublikası vətəndaşları eyni hüquqlara sahibdir. Konstitusiyada yazılmayıb ki, ölkənin hansısa bölgəsində yaşayanların daha üstün hüquqları var”.

Hələ də quru sərhədlərin bağlı saxlanılmasından danışan iqtisadçı düşünür ki, ümumiyyətlə bunun pandemiya ilə heç bir əlaqəsi yoxdur:

"Pandemiya artıq geridə qalıb. Bütün ölkələr məhdudiyyətlərin hamısını aradan qaldırıblar. Bir tək quru sərhədləri bağlı saxlayan Çin idi. 8 yanvar tarixindən Çin də quru sərhədlərini açdı. Ona görə də Azərbaycanın israrla quru sərhədi bağlı saxlamasının heç bir məntiqi və epidimoloji əsası yoxdur”.

Ekspert qeyd edib ki, digər səbəblər varsa, rəsmi şəxslər bununla bağlı açıqlama verməlidir:

“Amma başqa səbəblər də quru sərhədləri bağlı saxlamaq üçün yetərli deyil. Çünki bu bizim konstitusiyon hüququmuzdur və həmin hüquqlar pozulur. Ona görə də COVID-lə bağlı bütün məhdudiyyətlər tamamilə aradan qaldırılmalı və quru sərhədlər açılmalıdır”.

Professor Adil Qeybulla isə bildirib ki, quru sərhədlərin açılması zaman məsələsidir:

"Amma qeyd etmək laızmdır ki, hava limanında sərnişinlərin daşınması böyük miqdarda deyil. Buna görə də ilk olaraq COVID testi vermək tələbi ləğv edilib”.

Adil Qeybula düşünür ki, karantin qaydaları yumşaldıqca, quru sərhədlərinin açılması tam təmin ediləcək:

“Hesab edirəm ki, bu da yaxın dövrdə baş verəcək. Nə qədər ki, pandemiya bitməyib, müəyyən karantin qaydaları qalacaq”.