Rusiya ordusunun gecə saatlarında Kiyevə həyata keçirdiyi 20-dən çox raket hücumunda 2 nəfər ölüb, 11 nəfər yaralanıb.
Kommersant.az xəbər verir ki, Rusiya dövləti ilə “Vaqner” təhlükəsizlik şirkəti arasında böhran yarandıqdan sonra Rusiya Ukrayna ərazisinə intensiv hücuma keçib.
Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Popko administrasiyanın sosial media hesabından verdiyi açıqlamada Rusiya ordusunun ötən gecə Kiyevə növbəti hava hücumu həyata keçirdiyini bildirib.
Rusların X-101/555 raketlərini Xəzər dənizindən atdığını qeyd edən Popko, "Kiyev ətrafındakı hava məkanından 20-dən çox raket aşkarlanıb və hava hücumundan müdafiə qüvvələrimizin gücü və vasitələri ilə məhv edilib" ifadəsini işlədib.
Popko qeyd edib ki, raket parçaları paytaxtın Solomyanka rayonunda 24 mərtəbəli mənzilə düşməsi nəticəsində 16, 17 və 18-ci mərtəbələrdə söküntülər olub və yanğın başlayıb.
Hücum nəticəsində 2 nəfər ölüb, 11 nəfər yaralanıb. Popko həmçinin bildirib ki, hücum zamanı dayanacaqda olan 40-dan çox avtomobil zərər görüb.
Ukraynanın Dnepropetrovsk vilayətinin Hərbi Administrasiyasının rəhbəri Sergiy Lisak sosial media hesabından verdiyi açıqlamada rusların ötən gecə bölgəyə intensiv hücum təşkil etdiyini bildirib.
İlkin təsbitlərə görə bölgənin hava məkanında 9 qanadlı raket və 3 pilotsuz uçuş aparatının məhv edildiyini qeyd edən Lısak, "Təəssüf ki, Dneprdə özəl sektora zərbələr var. 2-si uşaq olmaqla 8 nəfər yaralanıb”.
Lisak evlərin, onlarla avtomobilin və təbii qaz borularının zədələndiyini bildirib.
Xarkov vilayəti Hərbi Administrasiyasının rəhbəri Oleq Sinegubov da sosial media hesabında rusların bölgəni S-300 raket sistemləri ilə vurduğunu paylaşıb.
Raketin təbii qaz borusuna dəyməsi nəticəsində yanğın baş verdiyini bildirən Sinequbov, hadisə yerində Fövqəladə Hallar Xidməti qruplarının çalışdığını və hücumda can itkisinin olmadığını söyləyib.