USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

MTK-ya ağac kəsməyə Eldar Əzizov icazə verib?

03.02.2026 Siyasət
0 0
Orbita MTK-nın kəsdiyi ağacları şəkilli, sübutlu yayımlayan Kommersant.az-a qarşı olan qərəzi bu və bundan sonrakı yazıların yazılmasının təməlini atıb. Famil Bağırovun iddiasına görə, guya kimsə ona vəd verib ki, 4.000 manat versən, mən Kommersant.az-dan yazıları sildirərəm. Biz bilirik ki, bu təklifi Famil Bağırova heç kim səsləndirməyib. Əslində gözünə baxsam, daha çox yalanlarını ifşa edə bilərəm. Bu iddianı ortaya qoyan Famil Bağırovdan o şəxsin adını verməsi müqabilində ondan üzr istəyəcəyimizi söz verdik. Əlbəttə, Famil Bağırov ad verə bilmədi. Çünki, bu, doğru deyildi. Famil Bağırov bir səhv edib ağacları kəsdirib daha sonra da kürəyini müəyyən dövlət qurumlarına söykəyərək mədət umur.

- “Mən icazəsiz heç bir iş görməmişəm”.

Bəli, Famil Bağırov bu sözləri ilə bir daha təsdiq edir ki, ona icazə verilib. Əslində bu cümlənin də yalan olduğunu düşünürdük. Axı kim, niyə sağlam ağacların kəsilməsinə icazə verə bilər ki? Kommersant.az-ı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı (qısaca - BŞİH) Eldar Əzizova şikayət edib. Bizi maraqlandıran tərəfi budur ki, Eldar Əzizova müraciət edən Famil Bağırov nə deyib? Ağacları kəsmişəm, yazıblar? Famil Bağırov “icazəsiz iş görməmişəm” sözündəki icazə Eldar Əzizovdan alınıb? Yəqin ki, bu sualların cavabını BŞİH-in Mətbuat Xidmətinin rəhbəri İsrafil Kərimov verəcək.

Tərəfimizin “bizə mənzil SATIN” sözünü “bizə mənzil verin” kimi təqdim edən Famil Bağırovun bundan sonrakı hər qanunsuz hərəkətinə xüsusi diqqət ayıracağımıza söz veririk. Çünki, Bəkir Çobanzadə küçəsində inşası yarım qalmış kompleksin tikintisinin davam etməsi üçün onlarla ağac kəsilməlidir.

Ulu öndər Heydər Əliyev 2000-ci illərin əvvəllərində bu kimi ağac qatillərinə sillə kimi cavab vermişdi. O, bu kimi şəxslərin baqqallarının dağıdılmasını və qanun qarşısında cavab verməli olduğunu açıq sözlərlə dilə gətirmişdi:

“Bilirsiniz, Bakıda bir ağacı əkib böyütmək, bir övladı böyütməyə barəbardir. Çünki, Bakıda ağac əkmək çətindir. Xatirinizə salın, vaxtilə Bakıda ağaclar yox idi. Maksim Qorkinin sözlərini yadınıza salın. Əsrin əvvəlində Bakıya gələn Vladimir Maykovskinin sözlərini yadınıza salın. 20-ci illərdə mən Bakıda 2-3 ədəd ağac gördüm. Ancaq biz Bakını yaşıllaşdırdıq. Bəli, küçələri, meydanları, Bakıdan hava limanına gedən yolu yaşıllaşdırdıq. O cümlədən Bakıxanov qəsəbəsini, Badamdar qəsəbəsini, Xalqlar dostluğundakı böyük parkı... O ağacları nə əziyyətlərlə əkdik. Biz iməcliklər keçirirdik. İnsanlar gedib o ağacları əkirdi və təhkim etmişdik həftədə 1-2 dəfə gedib o ağacları suvarsınlar, böyütsünlər. Bu, Bakı üçündür, xalq üçündür, bizim təbiətimiz üçündür, bu, insanların yaşayışı, Bakının iqlimi üçündür. Bəs o ağacları kəsib baqqalxanaya çevirənlər bu ölkəyə xəyanət etmirlər? O kəsilən ağacları indi bərpa etmək çətindir. Onlar hesab edin ki, mənim balalarımın başını kəsiblər. Onlar gərək haqq-ədalət məhkəməsi qarşısında cavab versinlər. Orda baqqal dükanları salanlar, özlərinə xüsusi mülklər salanlar. Onların hamısını dağıtmaq lazımdır, qovmaq lazımdır, uçurtmaq lazımdır”.

Görünən odur ki, Famil Bağırov Ulu Öndərin bu kimi fikirlərini unudub və ya heç vecinə də almayıb. Bilmirik. Tək bildiyimiz odur ki, yerli mediamızı izləyən prezident İlham Əliyev bu silsilə yazılardan mütləq şəkildə xəbərdar olacaq. Bu və ya digər şəkildə. Heydər Əliyevin cümləsində olduğu kimi, Famil Bağırov haqq-ədalət qarşısında cavab verməyənədək kəsdiyi hər ağacı, budağı və hətta alaqları da paylaşmağı özümüzə borc bildik.

Bundan sonrakı yazıda Famil Bağırova icazə verənlər, himayədarlar barədə də geniş araşdırma yayımlayacağıq.