USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakının baş planı nə vaxt təsdiqlənəcək?

30.08.2019 Sosial
0 0
"Bakı şəhərinin Baş Planı ilə bağlı ilkin baxış, yəni ilkin konsepsiya artıq hazırlanıb və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edilib".

"Kommersant.az" xəbər verir ki, bunu "Report" a Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müşaviri Rüfət Mahmud bildirib.

Onun sözlərinə görə, bu, bütün işlərin ilkin fazasıdır: "Bakının 25 min və 10 min miqyasında xəritələri hazırlanmaqdadır. Burda nəqliyyat sistemi, mühəndis-kommunikasiya təminatı sistemləri və ətraf mühitin mühafizəsi məsələlərinə baxılır".

Xatırladaq ki, Bakının Baş Planının hazırlanması ilə bağlı açıq tenderin qalibi Almaniyanın "AS+P” şəhərsalma şirkəti olub. Beləliklə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi əməkdaşlığa cəlb etdiyi "AS+P” şirkəti ilə birlikdə Bakının Baş Planının hazırlanması prosesinin 2-ci mərhələsinin reallaşdırılması fazasına start verib. Bu mərhələdə görüləcək işlər 1-ci mərhələdə "Boston Consulting Group” beynəlxalq məsləhətçi şirkətinin iştirakı ilə Komitə tərəfindən hazırlanmış Bakı şəhərinin inkişaf konsepsiyası ilə müəyyənləşdirilmiş inkişaf prioritetləri üzərində qurulacaq.

Baş Planın hazırlanması prosesinin 2-ci mərhələsində şəhər ərazisinin strateji və çoxsəviyyəli planlaşdırılması, habelə əsas inkişaf göstəriciləri üzrə modelləşdirmə ilə bağlı texniki işlər aparılacaq. Nəzərdə tutulan bu çoxşaxəli kompleks fəaliyyət çərçivəsində müxtəlif incələmə səviyyəsində bir sıra istiqamət üzrə proqramlar işlənəcək. "Ərazilərin tarazlı istifadəsi və inkişafı”, "Yol-nəqliyyat infrastrukturunun və ictimai nəqliyyat sisteminin inkişafı”, "Ətraf mühitin və ekoloji durumun yaxşılaşdırılması”, "Mühəndis-kommunikasiya sisteminin inkişafı”, "İctimai məkanların inkişafı”, "Əsaslı tikinti və tikinti sıxlığının tənzimlənməsi” və digər proqramlar paytaxtın Baş planı üzərində işin əsas tərkib hissələri kimi nümunə gətirilə bilər.

Bakının Baş Planının hazırlanması işinin 2020-ci ilin sonunadək başa çatdırılması və sənədin yekun layihəsinin təsdiq üçün Azərbaycan hökumətinə təqdim olunması nəzərdə tutulur. Ölkə qanunvericiliyinə uyğun olaraq, Baş Plan şəhər ərazisi daxilində torpaqlardan şəhərsalma məqsədləri baxımından istifadə növlərini müəyyənləşdirir və növbəti 20 il ərzində şəhərin inkişafında iştirak edən bütün qurumlar tərəfindən bu istiqamətdə fəaliyyətdə rəhbər tutulacaq əsas sənəddir.