USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kəmaləddin Heydərovdan vətəndaşlara müraciət

06.08.2021 Sosial
1 0
Azərbaycan fövqəladə hallar naziri Kəmaləddin Heydərov APA-ya müsahibə verib.

Müsahibəni təqdim edirik:

- Dünyada və regionda təbii fəlakətlərin, yanğınların çoxalması Fövqəladə Hallar Nazirliyinin fəaliyyətini cəmiyyət üçün də aktual edir. Hazırda Fövqəladə Hallar Nazirliyi öz fəaliyyətini necə qurur?

- Əvvəlcə onu qeyd edim ki, 2005-ci il dekabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Fövqəladə Hallar Nazirliyinin yaradılmasında məqsəd təbii fəlakətlərin, texnogen xarakterli qəzaların və yanğınların qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması, belə hallarda xilasetmə və bərpa işləri üzrə fəaliyyətin vahid mərkəzdən idarə olunması, həmçinin ölkədə mülki müdafiə işinin təşkili və həyata keçirilməsi idi. Hazırda dünyada baş verən təbii fəlakətlərin say çoxluğu, texnogen qəzalar, pandemiya kimi hallar bu cür proseslərlə effektiv mübarizədə vahid mərkəzdən idarəertmənin çox mühüm əhəmiyyət daşıdığını göstərir. Bu, bir daha möhtərəm Prezidentin nə qədər müdrik qərar qəbul etdiyini sübut edir.

Nazirlik yaradılarkən tabeliyinə verilən qurumların balansındakı texnikanın əksər hissəsi mənəvi və fiziki baxımdan köhnəlmişdi. Ali Baş Komandan İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, nazirliyin tabeliyindəki qurumlar ən müasir və müxtəlif təyinatlı texnikalarla təchiz edildi. İndi nazirliyin balansında müasir yanğınsöndürmə, qəza-xilasetmə maşınları, fövqəladə hallar zamanı hadisə yerində böhranları idarə eləyən rabitə sistemləri ilə təchiz olunmuş mobil qərargah - avtobus, "Hammer" markalı radiosistemli xüsusi təyinatlı avtomobillər, hündürlük nərdivanları, xilasetmə işlərinin aparılmasında istifadə olunan xüsusi texnikalar, "BMW" markalı motosikletlər, bomba zərərsizləşdirici sistemlər, dənizdə xilasetmə əməliyyatları üçün çoxfunksiyalı katerlər, xilasedici qayıqlar, axtarış gəmiləri, yanğınsöndürmə və digər xilasetmə funksiyalarını həyata keçirən "Be-200 ÇS" amfibiya təyyarə, helikopterlər, tikintilərin mövcud texniki təhlükəsizlik normaları və qaydalarına uyğun aparılmasına nəzarəti həyata keçirmək üçün səyyar laboratoriyalar, fövqəladə hadisə baş vermiş ərazidə, yol şəraiti çətin olan yerlərdə qısa müddət ərzində zərərçəkənlərə və xəstələrə tam həcmli tibbi yardım göstərmək üçün mobil hospitallar var.

Pandemiya dövründə Cənab Prezident İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan növbəti modul tipli hospitalı qısa müddətdə inşa edildi və hazırda da fəaliyyətini davam etdirir.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə zəfər qazandığımız Vətən Müharibəsi dövründə də Fövqəladə Hallar Nazirliyinin qüvvələri ən ekstremal vəziyyətlərdə xidməti vəzifələrini icra etdi. Mülki müdafiə sistemləri və sığınacaqların təşkili, mülki əhali ilə mütəmadi işin təşkili, müharibədən zərər görən mülki əhalinin yerləşdirilməsi, axtarış-xilasetmə işlərinin həyata keçirilməsi vəzifələrini nazirlik əməkdaşları şərəflə yerinə yetirdilər. Ermənistanın beynəlxalq hüququn tələblərini kobud surətdə pozaraq Azərbaycanın mülki əhalisinin yaşadığı və döyüş bölgəsindən xeyli uzaqda olan Gəncə, Bərdə, Ağcabədi rayonlarında törətdiyi dağıntılarda mülki əhalinin xilas edilməsi, yerləşdirilməsi təmin edildi. Həmçinin nazirliyin Tibb Mərkəzi qardaş Türkiyədən dəvət olunmuş psixoloqlarla birlikdə Vətən Müharibəsi iştirakçılarına və onların ailə üzvlərinə psixoloji dəstək göstərib, reabilitasiya prosesində iştirak etdilər.

Hazırda bölgələrdə 9 regional mərkəzin fəaliyyəti təmin olunub. Dövlət başçısının tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin hissələri fəaliyyət göstərir. Həmçinin Fövqəladə Hallar Nazirliyi Tərtər rayonu ərazisində yerləşən işğaldan azad olunmuş Suqovuşan su anbarını mühafizəyə götürüb. Nazirliyin qüvvələri hazırda işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesində də iştirak edir.

Nazirliyin fəlakətlərdən ziyan çəkmiş ölkələrə yardım göstərilməsi sahəsində böyük təcrübəsi var. Bu məqsədlə Beynəlxalq Axtarış-Xilasetmə Dəstəsi yaradılıb. Hər cür xilasetmə texnika və avadanlıqlar, o cümlədən təyyarə və helikopterlərlə təchiz olunmuş Beynəlxalq Axtarış-Xilasetmə Dəstəsi müxtəlif ölkələrdə baş vermiş fəlakətlərin nəticələrinin aradan qaldırılması, həmçinin humanitar yardımların çatdırılması əməliyyatlarını uğurla yerinə yetirir.