Heydər Əliyev Mərkəzinin parkında Beynəlxalq Yoqa Günü ilə bağlı məşğələ keçirilib

22.06.2018 İdman
Heydər Əliyev Mərkəzinin parkında yoqa məşğələsi keçirilib.

"Kommersant" Heydər Əliyev Mərkəzinə istinadən xəbər verir ki, Hindistanın Azərbaycandakı səfirliyi, BMT-nin Əhali Fondu (UNFPA) ilə birgə təşkil olunan tədbir Beynəlxalq Yoqa Gününə həsr olunub.

Məşğələdən əvvəl çıxış edən Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana bildirib ki, dünyanın 200-dən çox ölkəsində minlərlə insan iyunun 21-ni Beynəlxalq Yoqa Günü kimi qeyd edir, yoqa ilə məşğul olur: "Bu, yoqanın bizim rifahımız, fiziki və əqli sağlamlığımız üçün faydalı olduğunu göstərir".

Səfir tədbirin təşkilindəki dəstəyə görə BMT-nin Bakı ofisinə, Heydər Əliyev Mərkəzinə və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə minnətdarlığını bildirib.

BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Qulam İshaqzai qeyd edib ki, yoqa insan sağlamlığı üçün çox faydalı olduğundan BMT Baş Assambleyası 21 iyunu Beynəlxalq Yoqa Günü elan edib.

Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və texniki idman növləri sektorunun müdiri Aydın Məmmədov da iştirakçıları salamlayaraq onları idmanla fəal məşğul olmağa çağırıb.

Yoqa məşğələsində “Art of Living” yoqa məktəbinin müəllimi Kənan Məmmədov və “Yoga Academy”nin müəllimi Gültəkin Əzimova təlim keçiblər. Tədbirdə Bakıdakı müxtəlif yoqa məktəbinin nümayəndələri, yoqa həvəskarları, daun sindromlu uşaqlar iştirak ediblər.

Qeyd edək ki, Beynəlxalq Yoqa Günü 2015-ci ildən qeyd olunur.