USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakının baş planı 1,3 mln avroya başa gələcək - BİRİNCİ MƏRHƏLƏ

10.08.2018 Bank
0 0
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhərinin baş planının hazırlanması işin I mərhələsi çərçivəsində “The Boston Consulting Group” (BCG) şirkətinə 1 milyon 285 min avro ödəyəcək.

"Kommmersant.az" xəbər verir ki, bu barədə hökumətdən məlumat verilib.

Qeyd edək ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi "Boston Consulting Group"u Bakı şəhərinin baş planının hazırlanmasına cəlb edib.

Komitə "The Boston Consulting Group" ilə birgə Bakı şəhərinin baş planının hazırlanması işinin iki mərhələdə təşkil edilməsini planlaşdırır.

Birinci mərhələdə paytaxt ilə bağlı bugünədək hazırlanmış bütün şəhərsalma və ərazi planlaşdırılması sənədlərinin, o cümlədən "Böyük Bakının Regional İnkişaf Planı" və "Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planı" layihələrinin təhlil edilməsi nəzərdə tutulur. Bu mərhələdə mövcud layihələrin aktuallığı yoxlanılacaq, şəhər infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı ehtiyaclar qiymətləndiriləcək, habelə bu sahədə ən uğurlu dünya təcrübəsi və ölkənin inkişaf prioritetləri nəzərə alınaraq Bakının inkişaf konsepsiyası işlənəcək.

İkinci mərhələdə komitə "The Boston Consulting Group" şirkəti ilə birgə birinci mərhələdə müəyyənləşdirilmiş tələblər əsasında nüfuzlu şəhərsalma, memarlıq, mühəndislik şirkətlərini və aidiyyəti ekspertləri əməkdaşlığa cəlb etməklə paytaxtın baş planının işlənməsi prosesini davam etdirərək yekunlaşdırılmasını planlaşdırır.

Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti dövlət orqanları ilə razılaşdırıldıqdan və ictimai müzakirələr aparıldıqdan sonra Bakı şəhərinin baş planının təsdiq üçün Nazirlər Kabinetinə təqdim olunması nəzərdə tutulur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq baş plan təsdiq olunduqdan sonra 20 il ərzində qüvvədə olacaq.

© "İnterfaks-Azərbaycan"