Ticarət mərkəzləri və restoranlar ayın 5-də açılacaq? - Millət vəkili açıqladı...

01.07.2020 Biznes
“Koronavirus infeksiyasına yoluxmaların çox olduğu inzibati ərazilərdə tətbiq olunmuş sərt karantin rejimi sayəsində yoluxmaıarın dinamikası sabitləşmişdir. Amma gündəlik yoluxanların sayının 500-ün üstündə qalması, narahat doğorucu məqamdır”.

Bu sözləri açıqlamasında millət vəkili Azər Badamov karantin qaydalarının daha da sərtləşdirilməsi ilə bağlı danışarkən deyib. O bildirib ki, yoluxma sayının artması insanların karantin rejiminin tələblərinə məsuliyyətlə yanaşmamasından irəli gəlir:

“İyulun 5-nə qədər bu dinamika 500-ün üstündə qalarsa, sərt karantin rejiminin uzadılması qaçılmaz olacaqdır. Sərt karantin rejimi həm dövlətimiz, həm də vətəndaşlarımız üçün çətin olsa da, dövlət vətəndaşların sağlamlığını hər şeydən üstün tutur. Düşünürəm ki, Operativ Qəragah gündəlik vəziyyəti təhlil edərək, düzgün qərar qəbul edəcəkdir”.

Millət vəkili bildirib ki, qanunun aliliyi qorunmalı və qaydaları pozan hər kəs cəzalandırılmalıdır:

“Qaydalar qanunla sərtləşdirilib, inzibati cərimələr də iki dəfə artırılıb. Hazırda qanunların tələbləri kifayət qədər sərtdir. Sadəcə qanunun tələblərinə nəzarətin gücləndirilməsinə ehtiyac olduğunu düşünürəm. Çünki, bu gün də ictimai qapalı yerlərdə tibbi maskadan istifadə etməyənləri, hərəkətinə qadağa qoyulduğu halda müxtəlif yollardan istifadə edərək tələblərin pozulduğunu müşahidə edirik. Düşünürəm ki, qanunun aliliyi qorunmalı və qaydaları pozan hər kəs cəzalandırılmalıdır. Çox təəssüf ki, biz düşüncəmizlə yox, qorxu ilə yaşamağa öyrəşmişik. Sivil ölkələrdə görürük ki, insanlar düşüncəli şəkildə qaydalara riayət edirlər. Amma təəssüf ki, bizdə qaydalara riayət edənlər çox azdır”.

A. Badamovun fikrincə, sərt karantin rejimi uzadıldığı halda ticarət mərkəzləri və restoranların bağlı qalması daha məqsədə uyğundur:

“Təhlillər onu göstərir ki, ən çox yoluxmalar mall və restoranlarda baş verir. Ona görə də müəyyən müddətə sərt karantin rejiminin tətbiqini bizim həyatımızın təhlükədən qorunması kimi anlamalıyıq və qaydalara hamılıqla əməl etməliyik. Tibbi maskanı qolumuzda və ya çənəmizdə yox, tənəfüs yollarının mühafizəsinə istifadə etməliyik. Həmçinin, sosial məsafə gözlənilməli və şəxsi gigiyenamıza diqqət etməliyik”.

redaktor.az

VTB