USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu ilin ortasından Azərbaycanda iqtisadi artım bərpa olunacaq - AÇIQLAMA

27.05.2021 İqtisadiyyat
0 0
“Artıq Azərbaycanda COVİD-19 pandemiyasının təsiri ilə yaranmış iqtisadi resesiya dayanıb, ilin ortasından iqtisadi artım bərpa olunacaq”.

“Kommersant.az” xəbər veri ki, bu sözləri ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı mayın 26-da Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə sahibkarlarla baş tutan görüşdə səsləndirib.

Vüsal Qasımlı bildirib ki, bu ilin ilk 4 ayında qeyri-neft sənayesi 16,5 faiz, kənd təsərrüfatı 2,3 faiz, pərakəndə ticarət 0,1 faiz və informasiya və rabitə xidmətləri 3,8 faiz artım göstərib:

“Bundan sonrakı müddətdə turizm, nəqliyyat, ictimai iaşə, tikinti və s. sahələrdə də iqtisadi artımın bərpa edilməsi üçün fəaliyyətlər göstərilir. Azərbaycanda fiskal və monetar siyasət, biznes mühitinin təkmilləşdirilməsi, xarici bazarlara çıxış, insan kapitalının inkişafı, korporativ idarəetmə, maliyyəyə çıxış, dövlət satınalmaları, vergi-gömrük inzibatçılığının sadələşdirilməsi istiqamətində aparılan işlər iqtisadi artımı sürətləndirməyə hesablanıb”.

Onun sözlərinə görə, Qarabağın işğaldan azad edilməsi və regional kommunikasiyaların açılması perspektivi iqtisadi inkişafımız üçün əlavə imkanlar yaradıb:

“Dövlət-özəl dialoqu davamlı şəkildə iqtisadiyyatın əsas çağırışlarının müəyyən edilməsi və problemlərin həll edilməsində əməkdaşlıq üçün əhəmiyyət kəsb edir. Sahibkarların təşkilatlanması, yeni biznes modelin və biznes mədəniyyətin formalaşması, rəqəmsal həllərin və yaşıl inkişaf prinsiplərinin tətbiqi iqtisadi inkişafda mühüm rol oynayır”.

Qeyd edək ki, “İqtisadi inkişafda sahibkarlığın rolu” mövzusunda keçirilən görüşə 100-dək sahibkar qoşulub və ölkəmizdəki mövcud biznes mühiti müzakirə edilib, onları narahat edən məsələlər dinlənilib.