Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Vergi Məcəlləsində edilən dəyişikliklərin Həyatın Yığım Sığortasının gəlirliyinə necə təsir etməsini şərh edib.
Nazir ONA-ya bildirib ki, Həyatın Yığım Sığortasından dünyanın bir çox yerlərində müəyyən güzəştli şərtlərlə faydalanırlar:
"Amma heç yerdə yüz faizlik güzəştli şərtlər yoxdur. Ona görə bizdə vacib məqam odur ki, biz sığorta şirkətlərinin, bazarda sığorta alətlərini genişləndirməsi üçün onlara müxtəlif güzəştlər veririk. Lakin bunu yüz faizlik güzəşt kimi tətbiq etmək də düzgün olmazdı. Ona görə də aparılan araşdırma zamanı belə qərara gəlindi ki, artıq onlar üçün bir neçə yüz faizlik güzəşt var və bu güzəştdən yararlanaraq müəyyən bazara sahib olublar. Bu üzdən o güzəştlər 50%-ə endirildi. Yəni istənilən şəxs həyatın yığım sığortasına müraciət edən zamanı onun əmək haqqının 50%-i tam şəkildə güzəştlərdən yararlanacaq, digər 50%-i isə pensiya sisteminə yönəldilərək sosial sığorta haqqı ödəyəcək".
S.Babayev qeyd edib ki, insanlar bəzən sosial sığortaya vergi kimi yanaşırlar:
"Sosial sığorta vergi deyil. Vergi vətəndaşın dövlətə əvəzsiz ödədiyi vəsaitdir. Sosial sığorta vətəndaşa pensiya dövründə geri qaytarılacaq vəsaitdir və o, bir neçə dəfə qalxaraq vətəndaşa qayıdır. Çünki illər boyu indeksasiya olunur və ödəmə dövrü 25-30 il olduğu halda, vətəndaşın geri alma dövrü 12 ildir. Ona görə də sosial sığorta hər bir vətəndaşın özünə lazımdır. Bu gün 3, 5, 10 min manat pensiya alan vətəndaşlarımız var.
Sırf sosial sığorta prinsiplərinə görə aldıqları əməkhaqqını tam leqal şəkildə göstəriblər, 25%-ni ödəyiblər və bu gün çox yüksək məbləğdə pensiya alırlar. Amma böyük bir kütlə insanımız var ki, onlar maaşlarını ya göstərməyiblər, ya da sosial sığorta ödəməyiblər və onlar bu gün minimum pensiya alır. Ona görə cənab prezidentimiz növbəti dəfə böyük humanist addım atdı. Minimum pensiyanı 160 manata qaldıranda vaxtilə sosial sığortanı ödəməyən 233 min insanların pensiyasını artırdı. Çünki onlar ödədikləri ödənişlə bu rəqəmə heç vaxt çatmayacaqdılar".