USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Həkim: “Virusa 6 aydan sonra yoluxsaq…”

01.07.2020 İqtisadiyyat
0 0
Sualları Azərbaycan Tibb Universitetinin Yoluxucu Xəstəliklər kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Sulduz Əhmədova cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Sulduz xanım, COVID-19-la mübarizədə çətin perioddan keçirik, həkim kimi cəmiyyətə çağırışınız və tövsiyəniz nədən ibarətdir?

- Profilaktikanın sübut olunmuş metodlarına önəm vermək lazımdır. İlk növbədə sosial məsafəyə diqqət göstərmək, maska taxmaq, gigiyena şərtlərinə ciddi əməl etmək lazımdır. Qapalı məkanlar tez-tez havalandırılmalıdır. Çünki yoluxma dozası yüksək olduqca xəstəlik ağır keçir. İmmuniteti qaydada saxlamaq ücun düzgün qidalanmaq və normal yuxu vacibdir.

- Səhiyyə sahəsində çalışanlar virusla birbaşa təmasdadır və yoluxanlar arasında tibb işçiləri çoxluq təşkil edir. Özünüzü infeksiyadan necə qoruyursunuz?

- Özüm də profilaktik qaydalara əməl edirəm. Tövsiyə etdiyim əsas şey mümkün qədər qorunmaqdır. Ən azı gec xəstələnmək lazımdır. 6 aydan sonra xəstələnsək, sağalma şansımız daha çox olacaq. Çünki o vaxta qədər müalicə əsaslanmış olacaq. Həmçinin ümid edirik ki, vaksin tezliklə tapılacaq. Peyvənd hazırlanana qədər qorunmaq lazımdır. Xüsusilə risk qrupuna daxil olan insanlar daha diqqətli olmalıdır.

- Vaksinin hazırlanma müddəti ilə bağlı müxtəlif versiyalar səslənir. Sizcə, dünya səhiyyə sistemi peyvəndə qədər virus qarşısında dayana biləcək?

- Peyvənd infeksion xəstəliklərdən qorunmaq üçün ən effektiv üsuldur. Vaksin təbabətin ən böyük nailiyyətlərindən biridir. İndiyə qədər peyvəndlər bir çox ölümcül xəstəliklərin qarşısını alıb. Peyvəndin sayəsində "Təbii çiçək" kimi xüsusi təhlükəli infeksiya yer üzündən silinib. Difteriya, tetanus, göy öskürək, qızılca, poliomielit, hepatit B və s. kimi ağır təhlükəli xəstəlikləri peyvənd sayəsində kontrol altında saxlamaq mümkün olub. Hazırda koronavirusa qarşı peyvəndlərin klinik sınağı gedir. Effektiv vaksinasiya koronavirus üzərində ən böyük qələbə olacaq. Ona görə peyvənd hazır olana qədər xəstəlikdən maksimum qorunmaq lazımdır.

- Tibb elminin koronavirus qarşısında aciz qaldığına dair səslənən fikirləri bölüşürsünüz?

- Bu, yeni növ koronavirusdur. Ona görə bu virusun əmələ gətirdiyi xəstəlik və törətdiyi fəsadlar tibb elminə məlum deyildi. Məhz bu səbəbdən də bu virus ilk üzə çıxandan bu vaxta qədər çox şey öyrənilib. İndi də onun ən effektiv müalicəsi və profilaktikası üçün genişmiqyaslı işlər aparılır. Əgər təbabətin bugünkü inkişafı olmasaydı, ölüm sayı dəfələrlə çox olardı. Tezliklə daha effektiv müalicə və peyvəndin hazır olacağına inanıram.

- İnfeksiyanın yayılma arealı genişlənir. Qarşısı alınmasa bütün bəşəriyyəti böyük təhlükə gözləyir?

- Bu, pandemiyadır. Bəşəriyyət indiyə qədər çox pandemiyalarla üzləşib. Ancaq koronavirus pandemiyası ilə birinci dəfədir üz-üzədir. Müasir dövrdə insanlar profilaktika barədə daha çox məlumat əldə edə bilirlər. COVID-19 hələ ki bizimlədir. Bu xəstəliyə qarşı effektiv peyvənd tapılana qədər çox güman ki, bu virus bizimlə olacaq, infeksiya ilə qrip kimi yaşamağa öyrəşəcəyik.

- Sosial izolyasiya nə qədər davam etməlidir ki, virusun yayılma coğrafiyası kiçilsin?

- Sınanmış profilaktik tədbirlərə əməl etmək lazımdır. Virusun mutasiyası həm yüngül, həm də daha aqressiv ola bilər. Ona görə də daha səmərəli, spesifik müalicə işlənib hazırlanana və peyvənd tapılana qədər qorunmaq lazımdır.

- Yay aylarında yoluxmanın azalacağı proqnozlaşdırılsa da, bunun əksinin şahidi olduq. Daha neçə fəsil bu virus bizi təqib edəcək?

- Əksər kəskin respirator virus infeksiyaları günəş şüaları, ultrabənövşəyi şüalara, istiyə, qurumaya həssasdırlar. Ona görə belə güman edirdik ki, yay aylarında yoluxma azalacaq. Ancaq COVID-19 yeni virusdur. Xüsusiyyətləri öyrənilməkdə davam edir. Belə güman etmək olar ki, bu virus da digər respirator viruslar kimi mövsümi xarakter daşıyacaq. Biz buna hələ çox rast gələcəyik. Ona görə profilaktik tədbirlər digər KRVİ-lərdə olduğu kimi aparılmaqda davam edəcək.Teleqraf