"Palmali” şirkətinin qurucusu, Azərbaycanlı iş adamı, xeyriyyəçi Mübariz Mənsimovun yanvarın 13-də məhkəməsidir. Bakı vaxtı ilə saat 11:00-da Türkiyə Cümhuriyyətinin 27-ci İstanbul Ağır Cəza məhkəməsi Mənsimovun barəsində irəli sürülən ittihamnaməyə baxacaq. Qeyd edək ki, bu, sayca artıq 3-cü məhkəmə iclasıdır. İclası ictimaiyyət və mətbuat üçün açıq olacaq.
"Kommersant.az" xəbər verir ki, xəbər verir ki, bundan əvvəlki məhkəmə iclasından fərqli olaraq, bu dəfə Mübariz Mənsimov məhkəmə salonuna gətiriləcək.
"Palmali Holdingin" mətbuat xidmətinin rəhbəri Fidan Guliyevanın sözlərinə görə, bugün baş tutacaq iclac bu işdə sonuncu ola bilər.
Belə ki, iclasın yekunu olaraq hökm oxunacağı gözlənilir. Məhkəmə iclasının başlayacağı son ana qədər hansısa dəlil və ya yeni şahid çıxmazsa, hökm oxunacaq.
"Onu deyə bilərəm ki, bu günə qədər məhkəməyə heç bir əsaslı dəlil təqdim edilməyib. Bu günə qədər məhkəmə, sadəcə, ifadələr üzərinə qurulub. Mübariz Mənsimovu ittiham edənlərin ifadələri bir-biri ilə kəskin şəkildə ziddiyyət təşkil edirdi. Üstəlik, ifadələr and içilmədən alınıb. Bu özü də qanuna ziddir. Məhkəmə zamanı verilən ifadələrin əksəriyyəti heç bir fakta əsaslanmayıb. Bu işlə əlaqəsi olmayan, amma məhkəməni izləyən müstəqil vəkillərin sözlərinə görə, bu dosye ilə heç kim həbs edilə bilməz.
Biz də, təbii ki, Türkiyədə ədalət sisteminə inanır və qüvənirik. Mübariz Mənsimovun azadlığa cıxacağına inanırıq. Səhhətinə gəldikdə, Mübariz Mənsimovun sağlık durumu yaxşı deyil. Hər gün iki dəfə venadaxili sistem qəbul edir. Böyrəklərində ağrılar var, vəkillər isə onun sancıdan otura bilmədiyini, ayaq üstündə dayana bilmədiyini deyirlər. Qan analizləri də heç yaxşı deyil, lakin buna baxmayaraq Mübariz bəy xəstəxanaya aparılmayıb. Müalicəni lazımi səviyyədə apara bilməyəcək tibb məntəqəsinə gətirilərək orada tibbi xidmət alır" – deyə Fidan Quliyeva vurğulayıb.
9 dekabr 2020-ci ildə keçirilmiş ikinci məhkəmə iclasında Mübariz Mənsimov ona qarşı heç bir əsaslı dəlilin irəli sürülmədiyini, saxta bir oyunun aparıldığını hakimə və məhkəmə iştrakçılarına bildirmişdi.
"Bunu deməsinə səbəb ortaya heç bir dəlilin qoyulmamasıdır. Bütün deyilənlər, sadəcə, sözdədir. Onu da nəzərə almaq lazımdır ki, ittiham tərəfinin şahidləri Mübariz Mənsimovla davalı adamlardır" deyən Fidan Quliyevanın sözlərinə görə, hələ 2017-ci ildə Mənsimov barəsində başladılan araşdırmanın nəticəsi olaraq 2019-cu ildə müəyyən edilib ki, onun FETÖ terror örgütü ilə heç bir əlaqəsi olmayıb. İki il davam edən araşdırmada şirkətin və Mübariz Mənsimovun bütün hesabları, telefon danışıqları, əlaqələri dəqiqliklə öyrənilmiş və təmiz çıxan hesabatlarda Mübariz Mənsimovun nə Asiya Bankında hesabı, nə pul ötürmələri, nə Baylok sisteminin mövcudluğu ortaya cıxmışdı. Bu isə, organik bağlarının olmamadığını təsdiqləyən çox önəmli göstəricilərdir.
Xatırladaq ki, Mübariz Mənsimov Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən bu ilin mart ayının 15-də saxlanılıb, martın 17-də isə onun barəsində həbs qətimkan tədbiri seçilib. Azərbaycanlı iş adamı FETÖ terror təşkilatı ilə əməkdaşlıqda ittiham olunur.
Mübariz Mənsimov ilk gündən bu ittihamların hamısını rədd edir və bu işin ona qarşı əvvəlcədən planlaşdırılmış qurğu olduğunu bəyan edir. O, həbsdə olduğu müddətdə də dəfələrlə bildirib ki, onun FETÖ terror təşkilatı ilə heç vaxt əlaqəsi olmayıb.
Mübariz Mənsimov onu da vurğulayıb ki, özü və rəhbərlik etdiyi "Palmali" şirkəti hər zaman Azərbaycanın və Türkiyənin dövlətçiliyini dəstəkləyib və dəstəkləyəcək. "Palmali" şirkətinin qurucusu həmişə bəyan edib ki, hüquqi dövlətdə yaşayır və Türkiyədə hər şeyin qanun çərçivəsində həll olunduğunu dərk edir. Bu səbəbdən Mübariz Mənsimov bir daha bildirib ki, Türk ədalətinin düzgün qərar verəcəyinə əmindir.