USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Su problemini kim yaradır: Təbiət, yoxsa bu sahəyə məsul qurumlar? - EKSPERT

10.03.2023 İqtisadiyyat
18 0
"Azərbaycanda ümumiyyətlə həmişə su problem mövcud olub. Son illər isə kəskinləşib, amma mən "Kür çayı quruyur" ifadəsi ilə razı deyiləm”.

Kommersant.az xəbər verir ki,bunuiqtisadçı-ekspert Akif Nəsirli son günlər ölkə ərazisində həm içməli, həm də suvarma suyu ilə bağlı yaranan problem haqqında danışarkən deyib.

Ekspert qeyd edib ki, Kürün suyunda azalma olsa da, çay quruyub və ya quruyur demək düzgün deyil:

“Havalar bir qədər isinəndə Kürün suyu bir az da çoxalacaq, aprel-may aylarında həm Kürdə, həm də Arazda suyun səviyyəsi artacaq. Doğrudur, 30 il bundan əvvəlki dövrdə olduğu qədər su yoxdur. Amma su qıtlığı da yoxdur”.

Akif Nəsirli qeyd edib ki, ümumiyyətlə Azərbaycanın sərhədləri və transsərhəd ərazilərində yaranan su ehtiyatları təxminən 33 milyard kub metrdir, quraqlıq illərində bu 25 milyard kub metrə qədər enə bilir:

“Amma bizim də suvarılan sahələrimizin cəmi 1 milyon 600 min hektardır. Lakin biz onun 500 min hektarını normal suvara bilmirik. Ümumiyyətlə kənd təsərrüfatına yararlı torpaqlarımızın sahəsi 4 milyon 600 min kvadratdır. Bunun 1 milyon 600 min kvadratı suvarılan, 3 milyon kvadrat metri isə dəmyə torpaqlarıdır".

Azərbaycan və İsrailin su ehtiyyatlarını müqayisə edən ekspert qeyd edib ki, İsraildə kənd təsərrüfatına yararlı torpaq sahələrinin həcmi 2 milyon hektara yaxındır. Təbii su ehtiyatları isə 2 milyard kub metrdir:

"Onlar əlavə olaraq 8 milyard kub metr dəniz suyunu saflaşdırıraraq ondan əkin üçün istifadə edirlər. İçməli, suvarma suyu qarışıq 10 milyard kub metr sudan istifadə edirlər, kənd təsərrüfatına yararlı torpaqlar daxili bazarın təlabatını 90 faiz ödəyir və ixracatın 20-25 faizi kənd təsərrüfatının payına düşür. İndi müqayisə edək, belə bir şəraitdə bizim Azərbaycanda su yoxdur deməyə haqqımız varmı?"

"Bəs niyə bu səviyyədə həyəcan təbili çalınır" sualına cavab olaraq ekspert bildirib ki, lazımi qurumlar problemi aradan qaldıra bilmirlər:

"Problemi Kürün üzərinə atmaq istəyirlər ki, guya çayda su yoxdur. Kürdə yoxdur, Araz çayından götürün".

Ekspert problemdən çıxış yolu olaraq bildirib ki, Azərbaycanda suvarma suyuna olan ehtiyacın ödənilməsi üçün əldə edilən su idarə edilməlidr:

"Su idarə edilmir. Suvarma suyunu idarə edən "Melorasiya və Su Təsərrüfatı" ASC suyu mənbədən götürərək kollektorlara vurur. Yerli su asossasiyaları da var ki, onlar suyu fermerə çatdıraraq, sadəcə pulunu yığır, təhvil verir. Daha burda hansı sahəyə nə qədər su verilməlidir və s. kimi hallara nəzarət olunmur".

Akif Nəsirli alternativ variant kimi su anbarlarının sayını çoxaltmaqla qar və buzlaq sularına qənaət etməyi göstərib:

“Azərbacan ərazisində 136 su anbarı var. Həmin su anbarlarının 90 faizinin yarıdan çoxu lil ilə tutulub. Hacıqabulda Pirsaat su anbarı var. Həmin su anbarının dərinliyini mən özüm ölçmüşəm, 17 metrdir, ancaq bunun 13 metrin lil tutub. Cəmi tutumu 3-4 metr qalıb. Hacıqabulun ərazisində 50 min hektar əkinə yararlı torpaq var. Bu torpağın cəmi 5-6 min hektarı əkilir, su çatışmazlığından aşağı məhsuldarlıq olur.

Bəs nə etməliyik? Pirsaat su anbarı lilldən təmizlənməli, yanında daha bir anbar tikilməlidir. Bu dəqiqə Pir saat çayı qəza kanalı ilə Xəzər dənizinə axıdılır. Çünki Şamaxıda qar əriməyə başlayır, su artır, saxlamağa yer olmadığı üçün Xəzər dənizinə axıdılır.

Ümumiyyətlə, su anbarlarını təmizləməli, əlavə su anbarları tikməli, qar-buz sularını da anbarlarda ehtiyyat kimi saxlamalı, yay aylarında lazım olan sahələrə verməliyik”.

Ekspert qeyd edib ki, bu problemi "su yoxdur" deməklə yox, problemin həlli yollarını axtarıb tapmaqla həll etmək olar.