Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bəzi qeyri-OPEC istehsalçı ölkələrindən ibarət OPEC+ qrupunun iclasından sonra neftin qiyməti ucuzlaşmağa başlayıb. Qrup "sabit neft bazarına nail olmaq" üçün ilin sonunda başa çatması planlaşdırılan hasilatın azaldılmasını daha bir il uzatmağa qərar verib.
OPEC+ qrupunun iclası ilə bağlı verilən açıqlamaya görə, gələn il üçün üzv ölkələrin ümumi hasilat həcmi gündəlik 39 milyon 725 min barel olacaq. Bundan əlavə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hasilatı sutkada 300 min barel artıracaq. Artım yanvar ayında başlayacaq və mərhələli şəkildə sentyabrın sonuna kimi həyata keçiriləcək. Beləliklə, edilən tənzimləmələrlə qrup, 31 dekabr 2025-ci ilə qədər hasilatın azaldılmasını davam etdirəcək.
Qrupun növbəti OPEC və qeyri-OPEC Nazirlər Toplantısı dekabrın 1-nə planlaşdırılıb.
Yaxın Şərqdə atəşkəs ehtimalı neft qiymətlərinə təzyiq göstərib
Beynəlxalq bazarlarda Brent markalı neftin bir barreli 80,91 dollara satılır. Cümə günü 82,18 dollara qədər bahalaşan Brent markalı neftin barel qiyməti günü 81,11 dollarla başa vurub. Brent markalı neftin bir barelinin qiyməti 09.05-də bağlanış vaxtı ilə müqayisədə 0,24 faiz azalaraq 80,91 dollar olub. Eyni zamanda, West Texas Intermediate (WTI) markalı xam neftin bir bareli 76,82 dollara satılıb.