USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Azəriqaz”da “Neftçilər günü” peşə bayramı qeyd edilib

20.09.2018 İqtisadiyyat
0 0
20 sentyabr - neft-qaz sənayesi işçilərinin peşə bayramı SOCAR-ın bütün müəssisələrində olduğu kimi “Azəriqaz” İstehsalat Birliyində (İB) də qeyd olunub.

İB-dən "Kommersant.az"a bildirilib ki, bu münasibətlə keçirilən yığıncaqda birliyin baş direktoru Əkbər Hacıyev bütün kollektivi əlamətdar gün münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 16 avqust tarixli Fərmanı ilə 20 sentyabr hər il Azərbaycanda “Neftçilər günü” peşə bayramı kimi qeyd edilir. “Neftçilər günü”ndə adətən sənayenin bu sahəsində əldə edilən uğurlar və qarşıda duran əsas məsələlər müzakirə olunur. Həmin gün bu sahədə xüsusi xidmətlər və fədakarlıq göstərən fəhlə və mütəxəssislərə dövlət başçısının fərman və sərəncamları ilə fəxri adlar, orden və medallar verilir.

Ə.Hacıyev, həmçinin qeyd edib ki, Azərbaycanın neft və qaz sənayesi işçiləri şanlı ənənələrinə sadiq qalaraq, xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən təsis edilmiş “Neftçilər günü” peşə bayramını hər il olduğu kimi, bu il də yüksək əmək nailiyyətləri ilə qarşılayır. SOCAR-ın qarşısında duran mühüm vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən yeni neft strategiyası çərçivəsində neft və qaz sənayesinin sürətli inkişafına mühüm töhfələr verir: “Neft sənayemizin flaqmanı olan SOCAR inkişaf yolu ilə inamla irəliləyir, inkişaf etdikcə respublikamızın sosial-iqtisadi həyatında daha yaxından iştirak edir. O, müasir, innovativ, modern, çevik, beynəlxalq səviyyəli sənaye kompleksinə çevrilib. Şirkətimiz beynəlxalq neft və qaz layihələrində ölkəmizi ləyaqətlə təmsil edir. Respublikamızın ümumilikdə Avropa regionunun gələcək enerji təhlükəsizliyi missiyasını üzərinə götürməsi xalqımızın dünya arenasında layiqli yerini təmin edir”.

Birliyin baş direktorunun ümumi məsələlər üzrə müavini Şəfiq Nemətov bildirib ki, ölkəmiz XX əsrin sonlarına qədər öz təbii sərvətlərinin sahibi olmayıb, neftin və qazın gətirdiyi mənfəətdən tam şəkildə faydalana bilməyib. Dünya neft sənayesi tarixinə bu qədər yeniliklər yazmış Azərbaycanın adı beynəlxalq ictimai dairələrində 1994-cü ildən, nüfuzlu xarici neft şirkətləri ilə “Əsrin müqaviləsi”nin imzalanmasından sonra daha geniş əks-səda doğurub: “Azərbaycanın müasir yüksəliş dövrü də elə o vaxt - xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən işlənib hazırlanmış yeni neft strategiyasının uğurları ilə başlanıb. Məhz həmin strateji kursun həyata keçirilməsi nəticəsində Azərbaycan nefti tarixdə ilk dəfə mənsub olduğu xalqa xidmət etməyə başladı. Gənc, müstəqil Azərbaycan dövləti ölkənin təbii sərvətləri üzərində sərəncam vermək, bunlardan sərbəst surətdə istifadə etmək haqda qərarlar çıxarmaq, həmin qərarları gerçəkləşdirmək iqtidarına malik olduğunu dünyaya bəyan etdi”.

Qeyd edilib ki, Azərbaycanın dünya birliyində mövqeyinin yüksəlməsi artıq hamı tərəfindən etiraf olunan həqiqətdir. Respublikamızın sosial iqtisadi inkişafı getdikcə sürətlənir, ölkədə quruculuq işləri daha böyük vüsət alır, şəhər, kənd və qəsəbələrin siması tamamilə dəyişir, xalqımızın maddi rifah halı durmadan yüksəlir. Çiçəklənən respublikamız Cənubi Qafqaz dövlətləri arasında liderdir. Əlbəttə ki, bütün bu uğurların təməli Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən işlənib hazırlanan və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən yeni neft strategiyası ilə qoyulub.

Birliyin sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin rəisi Zaur Məmmədov deyib ki, keçən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda SSRİ-nin süqutu ilə əlaqədar siyasi, iqtisadi və hərbi sahələrdə total böhran hökm sürürdü. Belə bir çətin vəziyyətdən çıxış yolu tapmaq üçün neft amilindən istifadə əsas götürülməklə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın neft strategiyası işlənib hazırlandı. Həmin strategiya işlənib hazırlanarkən həm indiki, həm də gələcək nəsillərin maraqlarının nəzərə alınması əsas şərt kimi qoyulub. Ulu öndər Heydər Əliyevin dediyi kimi: “Neft - Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur”.

“Bu strategiya müstəqilliyini yenicə əldə etmiş Azərbaycanın güclü və qüdrətli bir dövlətə çevrilməsinə yönəlmiş müdrik siyasi-iqtisadi konsepsiya, uzaqgörənliklə hazırlanmış dəqiq fəaliyyət planıdır. Azərbaycanın o zamankı məhdud maliyyə imkanları ilə neft-qaz yataqlarının mənimsənilməsinin, bu əvəzsiz təbii sərvətlərin qərb bazarlarına çıxarılmasının qeyri-mümkünlüyünü nəzərə alan ulu öndər Heydər Əliyev məsələnin həlli yolunu qərb şirkətləri ilə milli maraqlara söykənən əməkdaşlığın qurulmasında görüb və bütün geostrateji çətinliklərə rəğmən, qısa bir müddətdə öz cahanşümül təşəbbüslərini gerçəkləşdirməyə nail olub. 1994-cü il sentyabrın 20-də Bakıda dünyanın 11 transmilli neft şirkəti ilə çağdaş tariximizdə “Əsrin müqaviləsi” kimi məşhur olan qlobal neft müqaviləsinin təntənəli şəkildə imzalanması ilə Xəzər dənizi hövzəsində və bütün post-sovet məkanında beynəlxalq əməkdaşlığın bünövrəsi qoyuldu”, - deyə o bildirib.

Yığıncaqda İB-nin əsaslı təmir şöbəsinin rəis müavini Əkrəm Əkbərli çıxış edərək bildirib ki, hazırki mərhələdə neft gəlirlərindən əldə olunan külli miqdarda vəsaitin respublikamızda vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu prosesinin daha da sürətlənməsinə, ümumilikdə insan amilinin yüksəlişinə yönəldilməsi demokratiya sahəsində böyük təcrübəsi olan dövlətlər, ayrı-ayrı beynəlxalq təşkilatlar, nüfuzlu ekspertlər tərəfindən müsbət qarşılanır. Dövlət başçısı həyata keçirdiyi islahatları məhz ulu öndər Heydər Əliyevin müəllifi olduğu möhkəm təməl üzərində davam etdirir və yeni dövrün tələblərinə uyğun aparır: “Neft və qaz təsərrüfatı işçilərimiz dövlət və xalq qarşısında böyük məsuliyyət və cavabdehlik daşıdıqlarını heç zaman unutmur, ölkəmizin iqtisadi yüksəlişi naminə əllərindən gələni edir, onlara göstərilən yüksək etimadı əzmlə doğruldurlar. Fədakar işçilərimizin əməyi dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirilir. Prezident İlham Əliyev SOCAR-ın fəaliyyətini daim diqqət mərkəzində saxlayır, hər il 20 sentyabr ərəfəsində neçə-neçə qabaqcıl neft və qaz sənayesi işçisini yüksək dövlət mükafatları ilə təltif edir”.

Ə.Əkbərli, həmçinin qaz təsərrüfatı işçilərimiz bundan sonra daha böyük qələbələr əzmi ilə qarşıda duran vəzifələrin həyata keçirilməsi və neft strategiyasının yeni-yeni uğurlar qazanması üçün var qüvvələri ilə çalışacaqlarını qeyd edib.

Sonda əmək fəaliyyətində fərqlənən 75 nəfərə Fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.

  • Əvvəlki

    İndiyədək TANAP-la Türkiyəyə 200 milyon kubmetrədək “Şahdəniz” qazı nəql olunub

Digər xəbərlər

23.04.2024 İqtisadiyyat
Tesladan endirim
0 0