USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ən çox məhkəmə işi mənimsəmə və israf etmə üzrədir

25.07.2018 Hadisə
0 0
Bu ilin I yarımili ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 184 şəxs barəsində 115 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

Bu barədə Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib.

K. Əliyev qeyd edib ki, həmin cinayət işlərindən 79 şəxs barəsində 42 iş mənimsəmə və israf etmə, 50 şəxs barəsində 30 iş qulluq mövqeyindən istifadə etməklə dələduzluq, 14 şəxs barəsində 12 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 9 şəxs barəsində 9 iş rüşvət vermə (aktiv rüşvətxorluq) və şəxsi rüşvət verməyə təhrik etmə, 2 şəxs barəsində 2 iş rüşvət alma (passiv rüşvətxorluq), qalanları isə digər korrupsiya cinayətləri ilə bağlı olub

Ötən dövrdə Baş İdarənin əməliyyat qurumları öz vəzifələrini uğurla icra etdiyini xatırladan K. Əliyev keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayət başında yaxalanmış şəxslər barəsində 4, əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında isə 5 cinayət işinin başlandığını qeyd edib.

3 VƏZİFƏLİ ŞƏXS İŞDƏN ÇIXARILIB

Kamran Əliyev bildirib ki, bu il korrupsiya hüquqpozmaları üzrə 10 vəzifəli şəxsə xəbərdarlıq, 8 vəzifəli şəxsə töhmət, 2 vəzifəli şəxs şiddətli töhmət növündə intizam məsuliyyətinə cəlb edilib.


O qeyd edib ki, əvvəlki dövrlərdə olduğu kimi bu il də, korrupsiyaya qarşı mübarizə sahəsində Baş İdarə əməkdaşları tərəfindən bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilib. Belə ki, 13 xüsusat üzrə inzibati pozuntu aşkar edildiyindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 54, 192.1 və 198.0.1-ci maddələrinin tələblərinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək aidiyyəti üzrə müvafiq məhkəməyə göndərilib. Araşdırılması üçün aidiyyəti üzrə müvafiq qurumlara göndərilmiş müraciətlər üzrə aparılmış xidməti yoxlamalar nəticəsində isə vəzifəli şəxslərin hərəkətlərində aşkar edilmiş cinayət xarakterli olmayan hüquqpozmalar üzrə 10 vəzifəli şəxsə xəbərdarlıq, 8 vəzifəli şəxsə töhmət, 2 vəzifəli şəxs şiddətli töhmət növündə intizam məsuliyyətinə cəlb edilib, 3 nəfər isə vəzifəsindən azad edilib. Habelə, araşdırmalar nəticəsində yol verilmiş qanun pozuntularının aradan qaldırılması və gələcəkdə bir daha təkrar törədilməməsi üçün müxtəlif dövlət qurumları və vəzifəli şəxslərə 47 təqdimat göndərilib.

VƏTƏNDAŞLARIN MÜRACİƏTLƏRİ İLƏ 82 CİNAYƏT İŞİ BAŞLANIB

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən bu il vətəndaşların 3874 müraciətinə baxılıb, həmçinin 126 cinayət xarakterli material araşdırılıb.

Kamran Əliyev qeyd edib ki, həmin materialların 82-si (65%) üzrə cinayət işi başlanıb, 44 (35%) material üzrə digər prokuror təsir aktları tətbiq edilməklə 28 nəfər vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib.

K. Əliyev həmçinin bildirib ki, bu ilin 6 ayı ərzində “161-Qaynar xətt” əlaqə mərkəzinə 1970 müraciət daxil olub. Həmin müraciətlərin 16-sı üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb. Həmçinin, əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində digər müraciətlərin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa edilib və aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədi ilə müvafiq təşkilatlara təqdimatlar göndərilib.

APA