Sabah, 9 May–Faşizm üzərində Qələbə Günündə Bakının Zərifə Əliyeva (Rəsul Rza küçəsi ilə kəsişmədən sonra), Əbdülkərim Əlizadə, Tərlan Əliyarbəyov və Yusif Məmmədəliyev küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.
Kommersant.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata görə, sözügedən küçələrdəki binalarda yaşayan sakinlərin avtomobilləri üçün nömrətanıma sistemi tətbiq edilməklə əraziyə giriş təmin olunacaq.
Bildirilir ki, “AzParking” mobil tətbiqində fərdi parklanma talonu olan sakinlər xidmətdən yararlana bilərlər: "Bu şəxslərin avtomobilləri sistem tərəfindən tanınır və onlar əraziyə buraxılacaq".
AYNA qeyd edir ki, sakinlər üçün nəqliyyat vasitələri ilə əraziyə giriş Neftçilər prospektindən Tərlan Əliyarbəyov, çıxış isə Yusif Məmmədəliyev küçələrindən təmin olunacaq.