USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Şengen vizası rəqəmsallaşır

14.06.2023 Siyasət
4 1
Avropa İttifaqı (Aİ) Şurası və Avropa Parlamenti Şengen vizalarının rəqəmsallaşdırılması ilə bağlı yeni qanun layihəsini razılaşdırıb.

Kommersant.az xəbər verir ki, yeni qanun qüvvəyə mindiyi zaman pasportlara yapışdırılan vizalar rəqəmsal olacaq və internet üzərindən 2D ştrix-kod olaraq veriləcək. Vizaları mobil cihazlara yükləmək olar. Viza üçün müraciət edənlər bir çox dildə onlayn viza üçün müraciət edə biləcəklər.

Yeni sistemlə müraciətlər vahid internet platforması vasitəsilə həyata keçiriləcək. Lazımi sənədlər bu platforma vasitəsilə yüklənəcək və viza rüsumu buraya yatırıla bilər.

Ərizəçilər bir neçə ölkəyə səfər etmək istədikləri zaman müraciətin hansı ölkə tərəfindən alındığı barədə məlumatlandırılacaqlar. Sistem Aİ ölkələrinin sərhəd idarəetmə sistemləri və məlumat bazaları ilə ahəngdar işləyəcək.

Yalnız ilk dəfə viza üçün müraciət edənlər, biometrik məlumatları etibarlı olmayanlar və yeni pasportları olanlar fiziki olaraq Şengen ölkələrinin konsulluqlarına getməli olacaqlar.

Şengen vizalarının rəqəmsallaşdırılması ilə xərcləri azaltmaq və viza müraciətlərini sürətləndirmək və asanlaşdırmaq hədəflənir. Eyni zamanda, Aİ bu yolla Şengen zonasının təhlükəsizliyini artırmağı qarşısına məqsəd qoyub.

Qanun layihəsi Avropa Şurası və Avropa Parlamenti tərəfindən rəsmi təsdiq edildikdən sonra Aİ-nin rəsmi jurnalında dərc olunacaq və dərc olunduqdan 20 gün sonra qüvvəyə minəcək.