ABŞ prezidenti Donald Tramp Ağ Evdəki çıxışı ilə gündəmə gəlib. O bildirib ki, Rusiya-Ukrayna müharibəsi ilə bağlı yaxın günlərdə liderlər arasında görüş elan edilməsə, onlar “fərqli mövqe” nümayiş etdirə bilərlər. Putinlə danışdığını və maraqlı şeylər öyrəndiyini qeyd edən Tramp müharibədə itkilərin qəbuledilməz olduğunu vurğulayıb. O, həmçinin Kosmik Komandanlıq Qərargahının köçürülməsini və məktəblərə silahlı müəllimlərin təyin edilməsini təklif edib. Tramp Çikaqoya qoşun yeritmək imkanını da müzakirə edib və “ölüm” xəbərinə reaksiya verib.
ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında cari hadisələrlə bağlı açıqlamalar verib. O, ABŞ Kosmik Komandanlığının qərargahının Koloradodan Alabama ştatına köçürüləcəyini açıqlayıb.
Tramp görüş zamanı jurnalistlərin suallarını da cavablandırıb. Rusiya prezidenti Vladimir Putinlə görüşüb-görüşmədiyini soruşduqda o, "Putinlə danışdım. Çox maraqlı şeylər öyrəndim" cavabını verib.
Rusiya-Ukrayna müharibəsinə münasibət bildirən Tramp, "Yaxın bir neçə gündə prezident Putin və prezident Zelenski ilə görüş elan olunmasa, nə olacağını görəcəksiniz. Onların nə edəcəyini və nə olacağını görəcəyik. Bunu çox yaxından izləyirəm. Bir neçə həftə əvvəl prezident Putinlə çox yaxşı görüş keçirdim. Baxaq, bundan nəsə çıxacaqmı. Yoxsa, fərqli mövqe tutacağıq. Ötən həftə iki ölkəmiz arasında 7 min, daha doğrusu, 7 min 313 itki oldu. Bunun üçün heç bir səbəb yox idi. Onlar Rusiya və Ukrayna əsgərləri idi. Bunun bitməsini istəyirəm" deyib
“Mənim bu ölkəni qorumaq öhdəliyim var”.
Çikaqoya qoşun göndərmə ehtimalı ilə bağlı suala Tramp, "İllinoys qubernatoru məni çağırsa, bunu etmək istərdim. İndi, biz yenə də bunu edəcəyik. Bizim bunu etməyə haqqımız var. Mənim bu ölkəni qorumaq öhdəliyim var və buna yerli müxalifətə baxmayaraq Çikaqo və Baltimora müdaxilə də daxildir" söyləyib.