USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Adnan Əhmədzadə və pərdəarxası siyasətinin manifesti

22.09.2025 Siyasət
0 0
Ötən gün Dövlət Təhlükəsizliyi Xidməti (qısaca – DTX) tərəfindən saxlanılan və Azərbaycanı "ikiyə bölən" Adnan Əhmədzadə... Bəli, "vətəni ikiyə bölən". Çünki o, neft maqnatı, keçmiş SOCAR-ın İnvestisiyalar və Marketinq üzrə vitse-prezidentinin sabiq müavini, “ABDA İnvest Holding”in təsisçisi və İdarə Heyətinin sədri, “Chem Trade”nin sahibi və eyni zamanda Media Maqnatıdır. Əslində Adnan Əhmədzadənin statusunu, kimliyini rəsmi və qeyri rəsmi sahib olduqlarını qələmə alsaq, qələm tükənər, vərəqlər yetməz. Adnan Əhmədzadənin "Azərbaycanı niyə ikiyə böldüyü" barədə isə yazının sonlarında sizlərə izah edəcəyik.

Necə olur ki, Adnan Əhmədzadə eyni zamanda həm sahibkar, həm də dövlət qurumunda yüksək vəzifədə ola bilir? Axı buna qanunlar icazə vermir. Azərbaycan Respublikası Sahibkarlıq haqqında qanunun 3-cü maddəsi 2-ci bəndində deyilir:

“Sahibkarlıq fəaliyyəti ilə bağlı məsələlərin həllini və ya bu fəaliyyətə nəzarəti həyata keçirən dövlət orqanlarının və qurumların vəzifəli şəxslərinə və mütəxəssislərinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq QADAĞANDIR”.

Bu qanunu pozan sahibkar Azərbaycanın daha ciddi hansı qanununu pozub ki, həbs olunub? Bəzi iddialara görə o, Azərbaycana xəyanətdə ittiham olunur. Məgər qanunları ciddi şəkildə pozmaq xəyanətə aparan yol deyil? Qanunsuzluğun kiçiyinə göz yumularsa, zamanla böyüyər və həttə xəyanətə qədər gətirib çıxarar.

2010-2019-cu illərdə “SOCAR”ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin baş direktoru olan Adnan Əhmədzadə 2017-ci ildə “Chem Trade”MMC şirkətini yaradıb. Sözügedən şirkət logistika və ticarət sahələrində fəaliyyət göstərir və bitum, quru mallar və sulfat turşuları kimi maye kimyəvi maddələrin daşınmasını həyata keçirir. Belə ki, “Chem Trade”MMC “Lukoil” YDM-lərinin dizelini, “SOCAR”ın dizel, benzin və bitumunun daşınması ilə məşğuldur. Xatırlamağınız üçün bildirək ki, 06.04.2024 tarixində Heydər Əliyev prospekti, “Koroğlu” metro stansiyasının qarşısında bitum daşıyan yük maşını aşmışdı. Nəticədə də bitum “Koroğlu” ərazisinə dağılmış və hadisə nəticəsində də 1 nəfər yaralanmışdı. Əgər xatırladınızsa, o zaman “Lukoil”“SOCAR”a buradan müraciət edirik ki, “Chem Trade”MMC ilə həyata keçirdiyiniz daşınmalarda sayım edin. Tonlarla bitumun, dizelin yoxa çıxdığını açıq şəkildə görəcəksiniz.

Adnan Əhmədzadə 2019-cu ildə isə SOCAR-ın investisiyalar və marketinq üzrə vitse-prezidentinin müavini təyin olunub. 2023-cü ildən isə o, Azərbaycan Koşiki Karate-do Federasiyasının fəxri prezidenti vəzifəsini icra edir. Eyni zamanda 2023-cü ildən ABDA Invest Holding-in təsisçisi və sədridir. Yuxarıda qeyd etdiyimiz qanunvericiliyin burada da pozulduğu açıq şəkildə görünür. Qanunun aliliyi bir neçə ildir ki, pozulur.

2019-cu ildə saytımızda “Rahat market narahatlıq yaradır” “Park Cinema, yoxsa Cinema Plus” yazılarında Adnan Əhmədzadə çox qəzəblənmişdi ki, saytımıza kiber hücumların qarşısı alınmaz hala çatmışdı. Sən demə, “Rahat market”dən başqa müqayisəli formada yazılan “Cinema Plus” yazısı da sahibkarın xoşuna gəlməmişdi. Bundan sonra da təzyiqlərin, kiber hücumların ardı-arası kəsilmirdi. "Azərbaycanda mənim əleyhimə yazı yazıla bilməz" ab-havasında olan media maqnatının havasını ötən gün DTX külək kimi apardı.

"Azərbaycanı ikiyə bölən" Adnan Əhmədzadəyə də biraz toxunaq. Məsələn, sözügedən şəxsin həbsi kifayət qədər yazıldı, ictimailəşdi. Amma kimlər yazdı, kimlər məsələni ümumiyyətlə görməzdən gəldi? Həmkarlarımızın adını əlbəttə ki, siyahı kimi təqdim etməyəcəyik. Hansı media qurumları olduğunu da açıq şəkildə yazmağa ehtiyac yoxdur. Amma məsələ burasıdır ki, Azərbaycan mediasını maliyyələşdirən iki qüvvə var. Hansı ki, o qüvvələr bizi özündən də, gözündən də uzaq tutur. İndi bu iki qüvvənin biri ötən gün həbs edilib. Digər qüvvənin mediası bunu palazlandırsa da, Adnan Əhmədzadəyə yaxın olan media “ağzına su alıb, oturub”. Əlbəttə ki, belə də olmalıdır. Onların bu mövqeyini başa düşür və hörmətlə yanaşırıq. Məsələ burasıdır ki, hər iki tərəfin maliyyələşdirdiyi medianın tək dərdi bir-birinə ilişmək, birinin digərindən nəsə umması və s.dən ibarət olub. 2019-cu ildə Əli Həsənovun vəzifədən azad edilməsində də digər tərəf aktivləşmiş və Əli Həsənova aid olan bütün rəsmi və qeyri-rəsmi iddiaları ortaya atmışdı. Bu zaman da Əli Həsənova aid olan media qurumları susurdu. Onların da tək dərdi aylıq onminlərlə olan gəlirin kəsilməməsi idi. İndi isə əl dəyişdirən Əli Həsənovun media imperiyası digər tərəfdən sanki intiqamını alır.

İddia edirik ki, Adnan Əhmədzadə Azərbaycan mediasından əlini çəkəcəyi və heçkimin himayəsinə keçməyəcəyi təqdirdə bir neçə ciddi hesab etdiyiniz xəbər portalları fəaliyyətini dayandıracaq. Əli Həsənovun vəzifədən azad olunmasında olduğu kimi. Hökumətin ciddi hesab etdiyi xəbər saytları sadəcə maliyyə dayanıqlıdır. 2019-cu ildə maliyyə dayandırılan Kommersant.az saytı isə kiçik ixtisarlara gedib, amma yenə də öz hesabına ayaqda durmağı bacaran yenagə saytlardan biri və hətta birincisidir. Daha da irəli gedərək iddia edirik ki, gözünüzdə dağ etdiyiniz digər media qurumlarının aldığı maliyyə yardımının yarısı ilə daha da güclü işlər ortaya qoya bilərik. Necə ki, çox kiçik büdcə ilə 2019-cu ildə Azərbaycan mediasına hər gün manşet yazılar təqdim edirdik. Hər iki düşərgə də bundan istinadlı və ya istinadsız istifadə edirdi. İndi isə bu yazı vasitəsilə dövlətə rəsmi müraciət edirik. Bizi gözünüzdən iraq etməyin. Bizim komandamız bayraq deyil, mövqeyini ortaya qoyan gənclərdən ibarətdir. Bu gənclərin də dəstəyə ehtiyacı olduğunu unutmayın...