USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Peşəkar Futbol Liqası ilk 3 yerin sahiblərini və bombardirləri mükafatlandıracaq

15.05.2018 İdman
0 0
Futbol üzrə Azərbaycan Premyer Liqası ilə əvəzedicilərin çempionatının mükafatlandırma mərasiminin vaxtı və detalları müəyyənləşib.

"Kommersant.Az"ın Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbir XXVIII turun qarşılaşmalarından sonra təşkil olunacaq.

Əvəzedicilər üçün mükafatlandırma mayın 19-da “Bayıl Arena”da “Səbail” – “Keşlə” oyunundan sonra keçiriləcək. Bu vaxt əvəzedici heyətlərin qalibi və medalçıları mükafatlandırılacaq. Eyni zamanda I Divizionda və əvəzedici heyətlərin yarışında bombardir olan futbolçuya xüsusi mükafat təqdim ediləcək. "Səbail" qızıl, "Qəbələ" gümüş medalları təmin edib. Bürünc mükafatçı son turda müəyyənləşəcək. I Divizionun ən məhsuldar oyunçusu Bəhruz Teymurov (MOİK) olub. Əvəzedicilərin yarışında bombardir isə mövsümün ilk yarısında "Qəbələ"də, qış fasiləsindən sonra isə "Sumqayıt"da çıxış etmiş Ülvü İsgəndərovdur. Hazırda onun aktivində 16 qol var.

Premyer Liqa üçün mükafatlandırma isə mayın 21-də “Azersun Arena”da keçiriləcək “Qəbələ” – “Qarabağ” görüşündən sonra olacaq. Bu zaman çempion “Qarabağ”, vitse-çempion "Qəbələ" və mayın 20-də müəyyənləşəcək 3-cü yerin sahibi medallarına qovuşacaq. Eləcə də elitanın bombardirinə xüsusi hədiyyə veriləcək. Hazırda "Qəbələ"nin hücumçusu Baqali Dabo 13 qolla bombardirlər siyahısına başçılıq edir.