USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Hafiz Məmmədovun evlərini əlindən aldılar

06.07.2019 İdman
0 0
"Bakı” futbol klubunun sahibi kimi tanınan Hafiz Məmmədovun ailəsinə məxsus otel, evlər və başqa obyektlər əllərindən alınıb.

"Kommersant.az" xəbər verir ki, Mərkəzi Bankın iddiası əsasında Səbail Rayon Məhkəməsi bu barədə qərar çıxarıb. Qərardan yuxarı instansiya məhkəmələrinə şikayətlər verilsə də, nəticəsi olmayıb. Bu yaxınlarda Ali Məhkəmə məsələyə son nöqtəni qoyub – aşağı instansiya məhkəmələrinin qərarları dəyişdirilmədən qüvvədə saxlanılıb.

Müsadirə olunan əmlaklar bunlardı: paytaxtın Nərimanov rayonunda yerləşən otel – "Ramada Hotel Suites Baku”, metronun "Nizami” stansiyasının yaxınlığında yerləşən 3 min kvadrat metrlik qeyri-yaşayış sahəsi, Nərimanov rayonunda biri dörd (460 kvadrat metr), digəri isə üç (320 kvadrat metr) mərtəbəli olmaqla, iki fərdi yaşayış evi.

Evlər Hafiz Məmmədovun oğlu Kənan Məmmədovun mülkiyyətində olub. Yeddi mərtəbəli otelin rəsmi sahibi isə Məmmədova Yeganə Sabir qızı idi. "Nizami” metrostansiyasının yaxınlığında – Şamil Əzizbəyov küçəsi, 88 ünvanında yerləşən obyektin mülkiyyət hüququ "KSM Property” MMC-yə məxsusdu. "KSM Property” isə Hafiz Məmmədovun oğlanlarına məxsus KSM Şirkətlər Qrupuna daxildi. Hafiz Məmmədovun rəhbərlik etdiyi "Baghlan Group”un hüquqi ünvanı da Ş.Əzizbəyov, 88-di.

Mərkəzi Bankın Məhkəmə iddiasına səbəb isə vaxtilə "Bank of Azerbaijan”a ayrılmış kreditlərdi. Bu bank Hafiz bəyin ailə üzvlərinə məxsus idi. Üç fiziki səhmdardan ikisi - Kənan və Sənan Məmmədovlar iş adamının övladları, Mübariz Məmmədov isə qardaşıdı. Hüquqi səhmdar "NEM Holding”di.

Söhbət üç kredit müqaviləsi üzrə ümumilikdə 55 milyonluq kredit borcundan gedir. Bunun da 50 milyonu əsas borc, 5 milyonu faizlərdi. Bu kreditlər 2013-cü ilin aprel, iyun və iyul aylarında ayrılıb. (Futbol+)