USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Rusiya 2018”: Polşa-Seneqal matçı start götürüb

19.06.2018 İdman
0 0
İyunun 19-da “Rusiya 2018”in altıncı gününün “H” qrupunun ikinci oyunu start götürüb. Mundialın birinci turunun sonuncu oyununda Polşa və Seneqal milliləri üz-üzə gəlir.

"Kommersant" AZƏRTACa istinadən xəbər verir, Moskvadakı “Spartak” stadionunda keçirilən görüşü bəhreynli Navaf Şükrallah idarə edir.

Polşa millisinin start heyətində Voycex Şesnı, Mixal Pazdan, Tiaqo Conek, Arkadiuş Milik, Robert Levandovski, Djeqoş Krixovyak, Kamil Qrosiçki, Macey Rıbus, Yakub Blaşikovski, Petr Zelinski, Lukaş Pişek meydana çıxıblar. Komandanın baş məşqçisi Adam Navalkadı.

Seneqal yığmasının ilk onbirliyində isə Xadim İndiaye, Kalibu Kulibali, Salif Sane, Musa Vaqe, Yussuf Sabali, Alfred İndiaye, İndrissa Qeye, Mame Diuf, Sadio Mane, Mbaye Niyanq, İsmayila Sarr yer alıblar. Seneqal millisinin məşqçisi Aliu Sissedir.

Polşa-Seneqal matçını “İdman Azərbaycan” telekanalı və İctimai Televiziya vasitəsilə canlı yayımlanır.

Qeyd edək ki, Polşa millisi yeddinci dəfə mundiallarda iştirak hüququ qazanıb. Polşalılar dünya çempionatlarının ikiqat bürünc mükafatçılarıdır (1974, 1982). Polşa millisinin əsas qol silahı sayılan Robert Levandovski 91 qolla ən çox fərqlənən oyunçu kimi milli komandanın tarixinə düşüb.

Seneqal millisinin dünya çempionatlarının final mərhələsi ilə tanışlığı 2002-ci ildə baş verib. Afrika təmsilçisinin ən uğurlu çıxışı da məhz həmin çempionatda olub. Həmin mundialın açılış matçında dünya çempionu Fransanı məğlubiyyətə uğradan və dörddəbir finaladək irəliləyən Seneqal yığmasının qarşısını Türkiyə millisi kəsib.

Xatırladaq ki, Polşa millisinin və Seneqal yığmasının yer aldığı “H” qrupunda ilk matç Yaponiya və Kolumbiya komandaları arasında oynanılıb. Görüş gündoğar ölkə təmsilçilərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Altıncı günün sonuncu oyunu “Sankt-Peterburq Arena”da Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. İkinci turun ilk oyununda ev sahibi Rusiya yığması Misir millisi ilə üz-üzə gələcək. Qarşılaşmanı argentinalı Kaseres Enrike idarə edəcək. Azərbaycanlı futbolsevərlər bu görüşü İdman Azərbaycan və İctimai Televiziyada kanalında izləyə biləcəklər.