Bakıya giriş-çıxışla bağlı - AÇIQLAMA

09.07.2020 Nəqliyyat
"Hazırda ölkəmizdə pandemiya səbəbindən hər gün 600-ə yaxın yoluxma qeydə alınır. Düşünürəm ki, yoluxma sayının bu qədər artmasının kökündə də vətəndaş laqeydliyi dayanır".

Bu sözləri açıqlamasında millət vəkili Jalə Əliyeva deyib. O bildirib ki, Azərbaycanda pandemiyanın başladığı ilk gündən ölkə başçısı tərəfindən yaradılan Nazirlər Kabineti yanında Operativ Qərargah virusun ölkəmizdə yayılmasının qarşısını alınması istiqamətində əlindən gələni edir: “Milli Məclis son bir ay ərzində iki dəfə İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edib, cərimələri artırdı. Bu cərimələri artırmaqda məqsəd isə vətəndaşlara maddi problem yaratmaq deyil, əksinə onların həyatını qorumaqdır. Artıq görünən odur ki, cərimələrin artırılması insanlarda məsuliyyət hissini artırıb və demək olar ki, hər kəs qaydalara əməl edir. Bu baxımdan ümid edirik ki, bu mərhələdə də ilkin nəticəni ala biləcəyik.

Lakin unutmayaq ki, ani bir boşluq, məsuliyyətsiz addım vəziyyəti daha da ağırlaşdıra bilər. Çünki virusla mübarizədə əsas şərt maska taxmaq, sosial məsafə gözləmək və gigiyena qaydalarına əməl etməkdir”.

Millət vəkili metronun bağlanması qərarı barədə də danışıb: “İstər TƏBİB, istərsə də Operativ Qərargah vəziyyətə uyğun addımlar atmaq məcburiyyətindədir. Verilən qərarların məqsədi vətəndaşı qorumaqdır, ona problem yaratmaq yox. Metro insanların kütləvi şəkildə istifadə etdiyi nəqliyyat vasitəsidir. Nə qədər qorumağa çalışsalar da, müşahidələr göstərdi ki, metroda sıxlıq var və tələblərə əməl olunmur. Həmçinin, qapalı yer olduğu üçün orada virusun artma təhlükəsi də daha çoxdur. Bu baxımdan müvəqqəti olaraq metronun bağlanmasını düzgün hesab edirəm”.

J. Əliyeva rayonlara gediş-gəlişin açılması ilə bağlı fikirlərə də münasibət bildirib: “Rayonlara gediş-gəlişin məhdudlaşdırılmasının məqsədi virusun yayılmasının qarşısını almaqdır. Əgər biz 2 ay əvvəl rayonlarda virusun olmadığını görürdüksə, indi artıq statistika göstərir ki, bir çox rayonlarda da virus yayılıb. Bunun səbəbi də, həftəsonlarında insanların rayonlara axın etməsi oldu. Bu baxımdan hesab edirəm ki, rayonlara gedişin məhdudlaşdırılması doğru qərardır və dəyişdirilməsinə ehtiyac yoxdur”.

Millət vəkili qərarların daha da ağırlaşdırılmasını təklif edib: “Hesab edirəm ki, daha sərt qərarlar tətbiq edilməlidir. Hətta bir neçə gün tamamilə hərəkət dayandırılmalıdır. Bir neçə gün çölə çıxmasaq, dünya dağılmaz. Elə təsəvvür edək ki, bu bir müharibədir və yaşamaq üçün evə qapanmalıyıq. Bu, müvəqqəti çətinlikdir. Əgər birlikdə qərarlara əməl etsək, tezliklə bu bəla ölkəmizdən yox olub gedər”.Redaktor

VTB