Qarabağ Azərbaycandır!

İranın Bəsrədəki Baş konsulluğuna basqın olub

08.09.2018 Dünya
İraqda davam edən kütləvi aksiya iştirakçıları gözlənilmədən İranın Bəsrə şəhərində yerləşən Baş konsulluğuna hücum ediblər.

"Kommersant.az" AZRTAC-a istinadən bildirir ki, yerli saytların yaydığı məlumatlara görə, aksiya iştirakçıları konsulluğun binasını dağıdaraq yandırıblar. Diplomatik nümayəndəlikdə çalışanların taleyi haqqında məlumat hələlik yoxdur.
Qeyd edək ki, bir neçə gündür İraqın paytaxtı Bağdad da daxil olmaqla, böyük şəhərlərdə sosial problemlərin aradan qaldırılması tələbi ilə kütləvi aksiyalar keçirilirdi.
Bəsrə əhalisi də küçələrə çıxaraq hökumətdən şəhərin təmiz su ilə təmin olunmasını tələb edirdilər. Nümayişlərin dağıdılmasına polis və hərbçilər cəlb olunsa da, onlar əhaliyə qarşı güc tətbiq etməyiblər.
İranın Baş konsulluğuna hücumun təxribat olması haqqında Xarici İşlər Nazirliyindən məlumat almaq istədik. Lakin cümə günü İranda istirahət günü olduğundan telefon zənglərimizə cavab verən olmadı.