USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda sığorta agentlərinə ödənilən komisyon haqq 5%-ə endirilir? - AÇIQLAMA

31.05.2019 Bank
0 0
İyulun 1-dən Azərbaycanda sığorta şirkətlərinin sığorta agentlərinə ödədikləri komisyon haqqının 15%-dən çox olmasına imkan verilməyəcək.
"Kommersant.az" xəbər verir ki, bunu "Report"a açıqlamasında "Azərbaycan Sığortaçılar Assosiasiyası"nın (ASA) İctimai Birliyinin sədri Azər Əliyev deyib. "Qanunla bu komisyon haqqının dərəcəsi 15%-dən çox olmamalıdır. Amma müəyyən vaxtlarda bu göstərici 35-40%-ə çatıb. Bu isə sığorta şirkətlərinə ciddi ziyan vurur. ASA çərçivəsində sığorta şirkətləri ilə razılaşdıq ki, iyunun 1-dən buna ciddi nəzarət edək və komisyon haqqı 15%-i keçməsin", - o deyib. A.Əliyevin sözlərinə görə, hazırda sığorta agentləri daha çox avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə gəlir əldə edirlər. Bu sığorta növündə zərərlilik isə 60-65%-ə yüksəlib: "Halbuki, əvvəllər bu rəqəm 30-40% idi. Sığorta şirkətlərinin İcbari Sığorta Bürosuna və Maliyyə Bazarlarına Nəzarət Palatasına sığorta haqqının 5,5%-i qədər ödəniş edirlər. Bunun üzərinə komisyon haqlarını da gəldikdə zərərlilik 100%-i ötür. Odur ki, Palata 1 ay bundan əvvəl sığorta şirkətlərinə rəsmi şəkildə bildirdi ki, heç kim sığorta agentlərinə 15%-dən artıq haqq ödəməsin. Şirkətlərin bir qismi buna əməl edir, bir qismi əməl etmir. Hazırda komiston haqqları 25%-ə düşüb. ASA olaraq hələ ki, bunu 15%-ə endirmək, gələcəkdə isə hətta 5%-ə salmaq barədə düşünürük. Bu işdə Palata bizə dəstək verir". ASA sədri sığorta agentlərinə ödənilən artıq komisyon haqqının leqallaşdırılması məsələsinə də aydınlıq gətirib: "Sığorta şirkətləri müxtəlif yollar tapırlar. Məsələ ondadır ki, sığorta agentlərinə 15% komisyon haqqından əlavə 5% də xərclik ödənilə bilər. Qalan 10-15%-i isə şirkətlər marketinq və s. xərclər kimi rəsmiləşdirirlər, yəni yazmırlar ki, komissiya ödənişidir. Bununla belə, həm sığortaçılar, həm də nəzarət orqanı komisyon haqlarının azaldılmasından maraqlıdırlar. Problem ondadır ki, həmin komissiyaların faydasını heç agent də görmür, çünki onu müştərisinə güzəştə gedir. Təcrübə göstərir ki, müştərilər adətən böyük və güclü şirkətləri seçirlər. Zəif şirkətlərə isə hansısa zərurət nəticəsində üstünlük verilir. Amma sığorta hadisəsi olanda zəif şirkət ödəniş edə bilmir".