USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Vüqar Bayramov kredit borcu olanlar üçün güzəşt paketini şərh etdi

25.04.2020 Bank
0 0
"Paket maliyyə bazarlarnda digər sektorları da əhatə edir".

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov Mərkəzi Bankın kredit borcu olanlar üçün təqdim etdiyi güzəşt paketindən danışarkən deyib:

"Azərbaycan Prezidentinin tapşırığı ilə Mərkəzi Bank pandemiyanın maliyyə bazarına və müştərilərinə təsirlərini minimumlaşdırmaq üçün 4 əsas istiqamət üzrə güzəşt tədbirləri həyata keçirəcək. Tədbirlərə əsasən, İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına bu il martın 1-dək kimi verilmiş ipoteka kreditləri fondun razılığı əsasında bu il sentyabr 30-dək restrukturizasiya olunacaq, yəni güzəşt tətbiq olunacaq. Fondun vəsaitləri hesabına 01 mart 2020-ci il tarixinə kimi verilmiş ipoteka kreditlərinin restrukturizasiya edilməsi zamanı banklar tərəfindən kreditin keyfiyyətinin pisləşdirilməməsi tapşırılıb".

"Əgər vətəndaşın martın 1-dən sentyabrın 30-dək kredit yubanması olacaqsa, o onun kredit tarixçəsinə yazılmayacaq və tarixçə pisləşməyəcək"

Vüqar Bayramov əsas məqamlardan birinin kredit borcu olanlar ilə bağlı olduğunu qeyd edib:

"Paketə görə, banklara kredit öhdəliklərinin (əsas borc və faiz ödənişləri) tam və ya qismən gecikdirilməsi halında borcludan əlavə cərimə faizi, dəbbə pulu və digər ödənişlərin tutulmaması tövsiyə edilir. Bu o deməkdir ki, Mərkəzi Bank banklara kreditini ödəməkdə çətinlik çəkənlərə cərimə faizi və dəbbə pulu yazmamağı tövsiyə edib. Sənədə əsasən, bu il martın 1-i vəziyyətinə keyfiyyəti qənaətbəxş olan və pandemiya ilə əlaqədar kredit borcunu gecikdirən borcalanlar üzrə neqativ məlumatlar 30 sentyabr 2020-ci ilədək kredit bürosuna xüsusi qeydlə təqdim olunacaq (borcalanın kredit tarixçəsinin pisləşdirilməməsi). Yəni, əgər vətəndaşın martın 1-dən sentyabrın 30-dək kredit yubanması olacaqsa, o onun kredit tarixçəsinə yazılmayacaq və tarixçə pisləşməyəcək.

Paket maliyyə bazarlarnda digər sektorları da əhatə edir. Etiraf etmək lazımdır, güzəşt paketi sistemlidir və pandemiyanın maliyyə bazarı iştirakçılarına təsirlərini minimumlaşdrımağa imkan verəcək".