USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gələn ilin dövlət büdcəsi layihəsi sentyabrın 15-nə qədər hökumətə təqdim olunacaq

13.09.2022 İqtisadiyyat
0 0
2023-cü il və sonrakı üç il üçün dövlət və icmal büdcələrinin layihələri sentyabrın 15-nə qədər Nazirlər Kabinetinə, 25-nə qədər isə ölkə Prezidentinə təqdim ediləcək.

Bu, “Büdcə sistemi haqqında” qanunun 11.15 və 11.16-cı maddələrində öz əksini tapıb.

Qanuna əsasən, növbəti büdcə ili üzrə icmal büdcə xərclərinin yuxarı həddi və Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş güzəşt və azadolmalar da daxil olmaqla, dövlət büdcəsinin və icmal büdcənin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri (icmal büdcə xərclərinin yuxarı həddi nəzərə alınmaqla) cari ilin sentyabr ayının 15-dək müvafiq icra hakimiyyəti orqanına və Hesablama Palatasına təqdim edilir.

Növbəti büdcə ili üzrə icmal büdcə xərclərinin yuxarı həddi də daxil olmaqla, dövlət büdcəsinin və icmal büdcənin layihəsi sonrakı üç il üçün icmal büdcənin göstəriciləri (icmal büdcə xərclərinin yuxarı həddi nəzərə alınmaqla) və bu Qanunla müəyyən edilən digər sənədlərlə birlikdə sentyabr ayının 25-dək müvafiq icra hakimiyyəti orqanına təqdim edilir. Eyni zamanda, “Büdcə sistemi haqqında” qanunun 13-cü maddəsinə görə, növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi ona əlavə edilmiş digər sənədlərlə birlikdə cari ilin oktyabr ayının 15-dən gec olmayaraq Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq Milli Məclisin müzakirəsinə və təsdiqinə təqdim ediləcək.

Qeyd edək ki, İqtisadi Şuranın 8 sentyabr tarixli keçirilən iclasında 2023-cü ilin dövlət və icmal büdcələrinin layihələrinin Nazirlər Kabinetinə təqdim olunması ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.