USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

SOCAR “SOCAR Enerqoresurs” MMC-nin kapitalından çıxır - BƏYANAT

23.04.2021 İqtisadiyyat
0 0
SOCAR Antipinski neft emalı zavodu və zavodun törəmə şirkəti olan NKNP MMC-yə məxsus yataqların idarə olunması üzrə layihədə iştirakını uğurla başa vuraraq, Sberbank Publik Səhmdar Cəmiyyəti ilə birgə müəssisəsi olan “SOCAR Enerqoresurs” MMC-nin kapitalından çıxır.

Qurumdan bildirilib ki, SOCAR “Antipinski NEZ” Səhmdar Cəmiyyətinə məxsus mülkiyyətin iflas proseduru çərçivəsində onun satışında iştirak etməmək qərarına gəlib, çünki zavodun satın alınması SOCAR-ın cari strategiyasına daxil deyil.

Bu barədə açıqlama verən SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, Sberbank ilə tərəfdaşlıq çərçivəsində belə bir mürəkkəb aktivlə işləmək bizim üçün böyük məsuliyyət yaradırdı:

“Biz bütün təcrübəmizi, biliklərimizi və səriştəmizi ortaya qoyduq və Rusiya ərazisində federal miqyaslı böyük istehsalatla işləmək sahəsində dəyərli təcrübə qazandıq. Göstəilən etimada və səmimi tərəfdaşlığa görə Sberbanka təşəkkürümüzü bildiririk. Ümid edirik ki, qarşıda bizi əməkdaşlığımızın yeni üfüqləri gözləyir”.

Sberbank SOCAR-ın Antipinski NEZ və NKNP yataqlarının səhmdarı olan “SOCAR Enerqoresurs” şirkətinin effektiv idarəçiliyində əvəzsiz rol oynadığını qeyd edir və SOCAR-a minnətdarlığını bildirir.

«Tərəfdaşlarımızın səyləri sayəsində «Аntipinsk NEZ» Səhmdar Cəmiyyəti iflasın ilkin mərhələsindən başlayaraq öz həyat yolunun çətin bir mərhələsini geridə qoydu, prosessinq mexanizmindən istifadə edərək effektiv fəaliyyətini davam etdirməyə müvəffəq oldu. Əməkaşlığımız müddətində SOCAR özünü etibarlı, peşəkar və məsuliyyətli bir tərəfdaş kimi göstərdi. Ümidvarıq ki, bizim səmimi qarşılıqlı münasibətlərimiz başqa layihələrdə davam etdiriləcək” - deyə Sberbankın prezidenti və idarə heyətinin sədri German Qref qeyd edib.

SOCAR, Antipinski NEZ-in aktivlərinin idarə olunması üzrə uğurlu təcrübəsini nəzərə alaraq, gələcəkdə, zavodun aktivlərinin satış proseduru başa çatdıqdan sonra qarşılıqlı fayda kəsb edən yeni kommersiya sazişləri bağlandığı təqdirdə müəssisənin əməliyyat idarəçiliyinə yardım etməyə hazır olduğunu bildirir.